Son günlər koronavirusla mübarizədə seroloji testlərin aparılmasının vacibliyi müzakirə edilir. Pandemiya dövründə bu testlərin əhəmiyyəti nədən ibarətdir?
Həkim-mütəxəssis Nəzrin Mustafayeva hafta.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda vətəndaşlar arasında təsadüfi seçim nəticəsində 1650-ə yaxın seroloji testlərin aparılacağı planlaşdırılır:
"Bu testlərin aparılmasında məqsəd ondan ibarətdir ki, əhali arasında Covid-19-a qarşı immunitetin seviyyəsini yoxlayaq. Çünki virusa yoluxanların əksəriyyəti yüngül simptomlarla keçirir. Özləri bundan xəbərsiz olurlar. Amma seroloji testlər sayəsində bunu bilmək olur, çünki virus orqanizmdə müəyyən anticisimlərin yaranmasına səbəb olur və bunu da qeyd olunan testlər vasitəsilə aşkarlamaq mümkündür. Hazırda bu analizlər Bakı, Sumqayıt və Gəncə şəhərlərində aparılmağa başlanıb. Dediyimiz kimi, bunun ən üstün cəhəti ondan ibarətdir ki, artıq əhalinin immun vəziyyətini öyrənmiş olacağıq. Nəticə etibarı ilə aydın olacaq ki, əhalinin hansı hissəsi bu xəstəliyi keçirib və sağalıb. Bu çox önəmlidir".
N. Mustafayeva əlavə olaraq bildirdi ki, indiyə qədər vətəndaşlar arasında da bu xəstəliyi keçirib-keçirməmələri barədə narahatlıqları var idi və onlar da özəl laboratoriyalara müraciət edərək ödənişli əsaslarla müayinə olunmuşdurlar:
"Bu müayinədən yararlanmaq istəyən şəxslər çoxdur, şansları gətirsə əgər, o seçimlərdə müraciət zamanı iştirak edə biləcəklər".