Bakı Bəyannaməsi yeni türk-müsəlman ittifaqının əsasını qoyacaq
Siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyevlə hafta.az üçün növbəti söhbətimizdə son dövrdə gündəmdə olan əsas mövzulardan – Azərbaycan, Türkiyə və Pakistanın parlament rəhbərləri səviyyəsində imzalanmış Bakı Bəyannaməsinin siyasi və iqtisadi əhəmiyyətindən, Şuşa ziyarəti zamanı “Ayətullah Xamneyinin "Qarabağ torpağı İslam torpağıdır", – deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” deyən Şeyxülislam Allahşükür Paşazadəyə qarşı ittihamlardan, ABŞ-ın Ermənistandakı səfirinin yenə Kəlbəcər istiqamətində Azərbaycanla sərhədə gələrək Minsk qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırmasından və s. danışdıq.
- Cümşüd bəy, Azərbaycan və Türkiyə prezidentləri səviyyəsində Şuşa Bəyannaməsinin imzalanmasından bir aydan bir az çox müddət ötməmiş, üç qardaş və dost ölkənin qanunverici orqanları səviyyəsində imzalanmış növbəti Bəyannaməni necə dəyərləndirmək olar?
- Bu görüşü və sonda imzalanan sənədi çox yüksək dəyərləndirirəm. Əvvəla, Bakı Bəyannaməsi yeni bir türk-müsəlman ittifaqının rəsmən əsasını qoyacaq: 210 milyonluq Pakistan, 85 milyon Türkiyə, üstəgəl 10 milyonluq Azərbaycan... Bu minvalla müsəlman dünyasının təxminən 300 milyonluq yeni bir ocağı, mərkəzi formalaşır.
İkincisi, bu sənəd hər üç ölkənin bir araya gəlmiş qanunverici orqanları səviyyəsində imzalanır. Bu da yaxın gələcəkdə beynəlxalq hüquq müstəvisində hər üç ölkənin qanunvericilik bazasının bir-birinə yaxınlaşdırılmasının da əsasını qoyur...
Üçüncüsü, 44 günlük Vətən müharibəsi də göstərdi ki, bu 3 ölkə arasında həddən böyük yaxınlıq, qardaşlıq, dostluq var: nüvə silahına malik yeganə müsəlman dövləti olan Pakistan, NATO-da ikinci güclü orduya malik olan Türkiyə və ordusu öz gücünü son Qarabağ savaşında dünyaya təqdim edən Azərbaycan... Bu 3 ölkə ordusunun bir araya gəlməsi üçün qanunvericilik bazasının yaradılmasından ötrü də, yəqin ki, yaxın gələcəkdə nələrsə düşünüləcək.
Dördüncüsü, bu sənəd həm də İslam dünyasını gözdən salmağa cəhd edənlərə, islamofobiyaya qarşı bir sivil birlik mesajı olacaq. Bilirsiniz, bütün dinlərin daşıyıcıları tərəfindən hər cür xətalar, səhvlər, günahlar, cinayətlər törədilir. Fəqət, bunlar müsəlmana aid olanda əsas beynəlxalq güc mərkəzləri və media tərəfindən dinin, yəni İslamın adına yazılır. Digər səmavi dinlər – istər Xristianlıq, istərsə də İudaizm mənsublarının xəta və günahlarını müzakirə edəndə dini yox, konkret adamları günahlandırırlar. Yəni bu məsələyə bir son qoymaq lazımdır. Bütün dünyaya qəti şəkildə anlatmaq gərəkdir ki, biz müsəlman olaraq İslam dininin daşıyıcısıyıq. Biz digər dinlərə də hörmətlə yanaşırıq. Hansısa müsəlmanı hər hansı bir xətanı, cinayəti törətməyə İslam məcbur etmir. Bu, onun fərdi xüsusiyyətlərinin, ailə tərbiyəsinin, təhsilinin, yetişdiyi mühitin, sosial durumunun və s. nəticələri kimi ortaya çıxır... Bir sözlə, Azərbaycan-Türkiyə-Pakistan İttifaqı tərəfindən islamofobiyaya qarşı mübarizə istiqamətində də mühüm addımlar atılacağına inanıram...
Beşincisi, Bakı Bəyannaməsi, zənnimcə, Azərbaycanla həm əhali, həm ərazicə müqayisədə iki böyük ölkənin iştirakıyla vahid bazarın yaradılmasına da yol açır. Yəni, üç ölkənin birbaşa sərhədləri olmadığına görə vahid iqtisadi məkan yaratmaları çətindir, amma vahid bazar yaradılması mümkündür. Bu ölkələr arasındakı ödəmələr dollar və avro ilə yox, özlərinin valyutalarının müvafiq kursu ilə də müəyyənləşdirilə bilər...
Yəni çox işlər görmək olar. Bir sözlə, Bakı Bəyannaməsinin hər 3 ölkə arasında yaxın gələcək üçün iqtisadi, siyasi, ideoloji və hərbi sahədə yeni yol xəritələrinin hazırlanmasına gətirib çıxaracağına inanıram.
- Bildiyiniz kimi, 1998-ci il sentyabrın 8-də Azərbaycan tarixə “Bakı Bəyannaməsi” kimi düşmüş daha bir sənəd imzalayıb. Bu, o zaman Böyük İpək Yolunun bərpasına dair Azərbaycan paytaxtında 32 ölkənin və 13 beynəlxalq təşkilatın nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş beynəlxalq konfransın yekununda imzalanmış tarixi-hüquqi sənəd olub. Hazırda Böyük Britaniyanın da dəstək verdiyi Çinin “Bir kəmər - bir yol” adı qoyduğu həmin Böyük İpək Yolu layihəsinin 44 günlük savaşın nəticələrinə əsasən açılmalı, əslində bərpa edilməli olan yeni və sərfəli bir həlqəsinin - Zəngəzur dəhlizinin bugünkü Bakı Bəyannaməsinin müəllifləri: Azərbaycan, Türkiyə və Pakistanla yanaşı, elə 23 il öncəki Bakı Bəyannaməsini imzalamış bütün dövlətlər üçün də sərfəli olduğunu söyləmək olarmı?
- Bəli, 23 il öncə Bakı İpək Yolunun bərpası haqqında Bakı Bəyannaməsi Heydər Əliyevin təşəbbüsü ilə qəbul olundu. Həmin Bəyannamə Azərbaycandan tranzit olaraq keçməklə Böyük İpək Yolunun canlandırılması məsələsini gündəmə gətirdi. Bəli, hazırda bu layihə Çin tərəfindən “Bir kəmər - bir yol” adlanır. Əslində, bunun əsasında Turançılıq ideyası dayanır, çünki tarixən Turan Çindən başlanır, Avropada qurtarırdı. Yəni tarixi heç kəs dana bilməz. 1990-cı illərdə heç kəs Turan barədə danışmırdı. Yalnız rəhmətlik Elçibəy xatırladırdı Turanı... Bütün hallarda bu ideya reallaşmaq üzrədir. Xüsusilə, 10 Noyabr 2020-ci il tarixli üçtərəfli razılaşma əsasında Zəngəzur dəhlizinin də bərpası məsələsi rəsmən gündəmə gətiriləndən sonra... Bu, yalnız bölgədəki 6 dövlətlə əlaqədar deyil. Hətta Rusiya da həmin dəhlizin açılmasını istəyir. Zəngəzur dəhlizinin açılmasını istəməyən tək İrandır. İran heç zaman səmimi olmayıb, olmayacaq da. Bu haqda danışmağın mənası yoxdur. 1300 ildir İranı ayaqda türklər saxlayıb. Əgər farslar həmin 1300 illik tarixinə xəyanət edirsə, bundan sonra onlardan nə isə gözləmək, ən azı, sadəlövhlükdür...
Zəngəzur dəhlizinin açılması həm də Türkiyə üzərindən Avropaya açılmaqdır. Həm quru daşımaları önəmlidir, həm də qurudan dənizə keçid çox rahat olacaq. Türkiyə 3 tərəfdən dənizlərlə əhatə olunub. Nəzərə alaq ki, bu ölkədən Hind okeanına, həm də Atlantik okeanına çıxış çox asandır, yəni dünya okeanına çıxışı da təmin edir. Bütün bunların fonunda Zəngəzur dəhlizinin bərpası İpək Yolunun bərpası haqda 1998-ci il Bakı Bəyannaməsini imzalayan ölkələrin, demək olar ki, hamısı üçün uyğundur. Burada da əsas açar dövlət Azərbaycandır. Azərbaycan Avropanı Asiyaya, Asiyanı Avropaya bağlayan bir qovşaq rolunu oynayır. Odur ki, inanıram ki, Zəngəzur dəhlizinin bərpası böyük dövlət və güclərin marağında olduğundan Ermənistan və onun yanındakı Fransa və İran da bunun qarşısını almaq iqtidarında olmayacaq...
- Şuşa ziyarəti zamanı “Ayətullah Xamneyinin "Qarabağ torpağı İslam torpağıdır" deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” deyən Şeyxülislam Allahşükür Paşazadəyə qarşı ittihamlara siz necə yanaşırsınız?
- Düzü, Şeyxülislamdan belə bir açıqlama gözləmirdim. Çox yersiz və vaxtsız açıqlamadır. Bunun yalnız İranın maraqlarına cavab verdiyini söyləmək olar. İran isə öncə xatırlatdığımız kimi, Azərbaycanın, Türkiyənin bölgədəki bütün layihələrinin əleyhinədir...
Şahidi olduğum bir fakt haqqında ilk dəfə sizə danışacağam. 1992-ci ildə - dövlətimizin müstəqilliyinin yenicə bərpa olunduğu zəif çağlarında bu ölkənin ölkəmizə qarşı fəaliyyətini təsdiqləyən bir olaydan bəhs edəcəyəm...
Azərbaycan Ordusu yenicə yaranırdı. 1992-ci ilin mayında, Yaqub Məmmədovun Prezident səlahiyyətlərini icra etdiyi vaxtlarda məlum oldu ki, Qarabağdakı bir neçə döyüş əməliyyatında, xüsusilə Xocalı soyqırımı zamanı Milli Ordumuzun geyimində Azərbaycan dilində danışan dəstələrin mülki vətəndaşlarımızı qətlə yetirməsi barədə faktlar üzə çıxıb. Bu, dövlətdə çox ciddi təşviş və narahatlıq yaratdı. Həmin faktları araşdırmaq üçün göstəriş verildi. Milli Təhlükəsizlik Nazirliyi aydınlaşdırdı ki, hərbi geyimlər ermənilərə ötürülür və bütün istiqamətlərdə araşdırmalara başladıq. O zaman mən Dövlət Gömrük Komitəsində operativ nəzarətə rəhbərlik edirdim. Dövlətin tam məxfi və gizli bir komissiyası fəaliyyətə başladı. Maraqlandıq ki, Bakıda tikilən hərbi geyimlərin sayı məhduddur. Bütün hərbi hissələrə, özünümüdafiə taborlarına rəsmi sənədlərlə neçə hərbi forma verilməsi və faktiki döyüşçülərin əynində olan geyimlərin sayını araşdırdıq. Sonda bəlli oldu ki, Füzuli istiqamətindəki özünümüdafiə taborunda 100-ə yaxın hərbi forma çatışmır. MTN orada əməliyyat tədbirləri apardı və məlum oldu ki, ərazidəki döyüşçülərimiz arasında əksəriyyəti ermənimənşəli olan xüsusi təxribat qrupu fəaliyyət göstərir. Onlar hərbi forma ilə yanaşı, silahları da ələ keçirərək gizli yollarla İrana satırlar. İrandan isə həmin geyim və silahlar Ermənistandan üzərindən Qarabağdakı terrorçu birləşmələrə ötürülür...
Azərbaycan dilində bilən ermənilərin soydaşlarımızı qətlə yetirməsində məqsəd isə Xocalı soyqırımından sonra olduğu kimi, guya Azərbaycanın daxilindəki qüvvələrin özlərinin müəyyən məqsədlərlə dinc azərbaycanlıları qətlə yetirməsi barədə çirkin təbliğat aparmaq idi. Bundan artıq nə demək olar?..
Ona görə də Şeyxülislamın açıqlamasında bir neçə məqsəd olduğunu söyləmək mümkündür. Türkiyə və İsraili Azərbaycanın maraqlarına xidmətdən kənarlaşdırmaq, Azərbaycan Ordusunun qələbəsinə kölgə salmaq, Azərbaycan Prezidentinin - Ali Baş Komandanın apardığı siyasi və hərbi taktikaya kölgə salmaq və Azərbaycanın şəhidlər verməsini dini müstəviyə çəkmək.
- Cümşüd bəy, iyulun 26-da ABŞ-ın Ermənistandakı səfiri Kəlbəcər istiqamətində Azərbaycanla sərhədə gəldi və yenidən bir növ Azərbaycanın daxili işlərinə müdaxilə edərək Minsk qrupu çərçivəsində danışıqları bərpa etməyə çağırdı. Bu, nə deməkdir?
- Bilirsiniz, bütün bunların günahı Azərbaycan Xarici İşlər Nazirliyindədir ki, yersiz söz danışan xarici ölkə rəsmilərinin dərhal, yerindəcə cavabını vermir. Məsələn, bu yaxınlarda Azərbaycan Prezidenti bir daha Qarabağdakı ermənilərə heç bir status verilməyəcəyi haqda danışandan sonra Fransanın Azərbaycandakı səfiri Bakıda çıxış edərək həm ölkəmizi təhdid etdi, həm də Qarabağ erməniləri üçün status tələb etdi. Buna qarşı XİN-dən heç bir addım atılmadı. Niyə Fransaya qarşı etiraz notası verilmədi? Niyə bu ölkənin səfiri XİN-ə çağırılaraq ona yeri bildirilmədi? Beynəlxalq hüquqda qayda belədir. BMT Nizamnaməsindəki 10 prinsipdən birinci beşliyə daxil olan qaydalar var. Hansısa bir dövlətin daxili işinə qarışmaq - onu təhdid etməkdir. Fransa kimdir, onun səfiri kimdir ki, Bakıda oturub Azərbaycanı təhdid edir? Bəs o başqa vaxt gur-gur guruldayan siyasi partiyaların niyə səsi çıxmadı? Niyə Fransa səfirliyi qarşısında bir piket təşkil edib sərt bir bəyanat vermədilər? Belə çıxır ki, onların gözü kölgəlidir. Niyə deputatların əksəriyyəti susdu? Yalnız mediada sərt yazılar, müsahibələr yer aldı. Halbuki bu, dövlət, siyasi qurumlar səviyyəsində deyilməlidir. Məgər hər şeyi Prezident, Ali Baş Komandan deməlidir. Bəzilərinin rüşvət yığanda Prezidentin korrupsiyaya qarşı sərt çıxışları yadına düşmür. Amma dövlətlə bağlı konkret bir iş görmək gələndə hamısı dövlət başçısından göstəriş, tapşırıq gözləyir. Yəni özlərinin şəxsi marağı olanda tez irəli atılırlar, amma dövlət maraqlarını qorumaq lazım gələndə...
Xülasə, sözüm ondadır ki, ABŞ-ın Ermənistandakı səfirinin sözügedən mövzuda əvvəlki bəyanatlarına Azərbaycan XİN rəhbərliyi heç olmasa mətbuat katibi, şöbə müdiri səviyyəsində ciddi təpki göstərsəyidi, həmin səfir son bəyanatında da Minsk qrupundan-filandan danışmazdı...