Seyydliyin məhvinin sifarişçisi kimdir?

10:25 29.05.2026 Müəllif:Arzu Zeynallı
Yazını böyüt
Yazını kiçilt

Son dövrlərdə Azərbaycanda seyid soylarının “araşdırılması” istiqamətində müəyyən sistemli fəaliyyətlərin şahidi oluruq. Hətta bəzi tarixçi-araşdırmaçılar və xarici mərkəzlər seyyidlərin genetik mənşəyini müəyyən etmək məqsədilə DNK analizləri apararaq guya “Azərbaycanda seyyid yoxdur” kimi nəticələri ictimaiyyətə təqdim edirlər.

Məsələ ilə bağlı Hafta.az-a açıqlama verən hüquqşünas Vüqar Dadaşov bildirir ki, seyyidlik anlayışının genetik müstəvidə mübahisələndirilməsi təkcə elmi məsələ deyil, həm də daha geniş ideoloji və siyasi-strateji layihənin tərkib hissəsi kimi görünür.

"Bu qənaətimi əsasən iki aspekt üzrə əsaslandırmağa çalışacağam. Birincisi, İslam dünyasında Peyğəmbər nəslinə və imam soyuna bağlılıq xüsusi dini-mənəvi əhəmiyyət daşıyır. Seyyid anlayışına ən güclü, ən davamlı və ən səmimi münasibət isə bütün İslam coğrafiyasında məhz İran və Azərbaycanda qorunub saxlanılıb. Halbuki İranın teokratik rejimi dini çox zaman siyasi məqsədlər naminə parçalayaraq istifadə edir", - hüquqşünas qeyd edib.

V.Dadaşovun fikrincə, bu gün ABŞ-İsrail-İran qarşıdurmasının son dərəcə həssas mərhələyə daxil olduğu bir vaxtda seyyidlərin genetik köklərinin araşdırılması təsadüfi görünmür:

"Məlumdur ki, həm Cənubi Azərbaycan, həm də Azərbaycan Respublikası tarix boyu regionun siyasi və dini xəritəsinin formalaşmasında mühüm rol oynayıb.

Azərbaycanda seyyidlik anlayışı yalnız dini status deyil, əsrlər boyu xalqın mənəvi yaddaşına, milli düşüncəsinə və psixoloji kimliyinə təsir göstərən mühüm amillərdən biri kimi formalaşıb. Bu baxımdan son illərdə aparılan genetik araşdırmalar və onların nəticələri cəmiyyətdə ciddi maraqla yanaşı, müəyyən narahatlıqlar da doğurur. Məsələyə texniki tərəfdən yanaşdıqda, DNK testləri ABŞ-ın “FamilyTreeDNA” şirkəti tərəfindən aparılır və nəticələrdə Azərbaycandakı bəzi seyyid ailələrinin genetik baxımdan klassik ərəb-semit xəttinə aid olmadığı iddia edilir".

V.Dadaşov vurğulayıb ki, burada diqqət çəkən mühüm məqamlardan biri də həmin şirkətin qurucularıdır. Beləki “FamilyTreeDNA”nın əsas təsisçiləri olan Bennett Greenspan və Max Blankfeldin yəhudi mənşəli olmaları xüsusi vurğulanır:

"Xüsusilə Bennett Greenspan ABŞ-da yəhudi icması və yəhudi genealogiyası layihələri ilə bağlı fəaliyyəti ilə tanınır. Şirkətin ilk iri layihələrindən biri də məhz yəhudi soy araşdırmaları olub. Sonrakı mərhələdə şirkət Avstraliyanın “MYDNA” strukturu tərəfindən satın alınıb. Hazırda “FamilyTreeDNA” həmin struktur daxilində fəaliyyət göstərir və şirkətin rəhbəri Lior Rauchbergerdir. Bəzi çevrələr isə bu şirkətin fəaliyyətinin yalnız elmi deyil, həm də geosiyasi və polittexnoloji xarakter daşıdığını iddia edir.

Yaxın Şərqdə baş verən proseslərlə bu tip “elmi informasiya”ları birlikdə nəzərdən keçirdikdə maraqlı mənzərə yaranır. İslam dünyasının ən müqəddəs məkanlarının yerləşdiyi ərəb coğrafiyasında son illərdə İsraillə münasibətlərin normallaşdırılması, xüsusilə BƏƏ–İsrail əlaqələrinin inkişafı və müqəddəs Kəbə ətrafında yaranan müzakirələr İslam dünyasında müxtəlif suallar doğurur".

V.Dadaşov bildirib ki, ikinci mühüm məqam metodoloji problemlər və ideoloji manipulyasiya ehtimalıdır:

"Seyyidlik xəttinin 1400 illik tarixində müxtəlif nikahlar nəticəsində genetik dəyişikliklərin baş verməsi tamamilə təbii bioloji prosesdir. Bu reallığın təhrif olunaraq cəmiyyətin mənəvi dayaqlarını sarsıtmaq üçün istifadə edilməsi isə müəyyən dairələrin ideoloji təsir vasitəsinə çevrilə bilər. Belə yanaşmaların əsas məqsədinin region xalqlarının daxili sosial-mənəvi iyerarxiyasını zəiflətmək olduğu iddia edilir.

Gərgin geosiyasi şəraitdə bu kimi ssenarilər daxili auditoriyada psixoloji təsir yaratmaq üçün “yumşaq güc” aləti kimi mərhələli şəkildə tətbiq oluna bilər. İnsanların kimliyini xarici laboratoriya testləri vasitəsilə müəyyən etməyə çalışmaq bir çoxları tərəfindən “elmi müdaxilə” kimi qiymətləndirilir. Bundan əlavə, genetik məlumatların kütləvi şəkildə xarici strukturlara ötürülməsi sosial və milli təhlükəsizlik baxımından da müəyyən risklər yarada bilər".

Hüquqşünas ən vacib məsələ kimi xalqın öz tarixi yaddaşını, mənəvi kimliyini və dini dəyərlərini qoruyub saxlamasına diqqət çəkib:

"Texnologiyalar inkişaf edə, müxtəlif şirkətlər fərqli analizlər təqdim edə bilər. Lakin insanların öz kökünə, inancına və milli-mənəvi dəyərlərinə münasibəti hər zaman əsas amil olaraq qalacaq. Bu gün əsas məsələ insanların özünü necə identifikasiya etməsi, hansı mənəvi dəyərlərə bağlı olması və tarixi yaddaşını necə qorumasıdır.

Cəmiyyət olaraq anlamalıyıq ki, heç bir xarici mərkəzin “testi” minillik tariximizi, inancımızı və mənəvi kimliyimizi tam şəkildə müəyyənləşdirə bilməz. Eyni zamanda, genetik məlumatların milli təhlükəsizlik məsələsi olduğu nəzərə alınmalı, vətəndaşların bioloji və genetik məlumatlarının xaricə nəzarətsiz ötürülməsi hüquqi müstəvidə ciddi şəkildə tənzimlənməlidir".