Si Cinpindən "Çin İslamı"na çağırış

09:27 28.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çin Dövlət Şurasının sədri Si Cinpin Sincan-Uyğur Muxtar Bölgəsinə səfər edib. Nadir səfərlərindən birində Si yerli hakimiyyət orqanlarını Pekinin insan haqlarını kobud şəkildə pozmaqda ittihamlandığı qeyri-sabit bölgədə "İslamın Çinləşdirilməsini tam dəstəkləməyə və qeyri-qanuni dini fəaliyyətləri effektiv şəkildə məhdudlaşdırmağa" çağırıb.

Hafta.az-ın yazdığına görə, Çinin dövlət televiziyası olan CCTV-nin məlumatına görə, 2022-ci ilin iyulundan bəri Sincana ilk səfəri zamanı Si "sosial sabitliyin qorunmasına həmişə prioritet verilməli" və "inkişaf üçün sabitlikdən faydalanmalıyıq" deyib. CCTV xəbər verir ki, Si terrorizm və separatizmlə mübarizənin artırılması, eləcə də sosial sabitlik və qanunun aliliyi sahəsində işi normallaşdırmaq üçün səyləri birləşdirməyin vacibliyini vurğulayıb. "Biz Çin tipli modernləşmə prosesində gözəl, vahid, ahəngdar, zəngin və firavan olan daha yaxşı Sincan quracağıq", - Si deyib.

Çin hökuməti uzun illərdir ki, materikin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Bölgəsində "terrorizm və radikalizm" kimi təsvir etdiyi şeylərə qarşı kampaniya aparır. Fransa Xəbər Agentliyinin (AFP) məlumatına görə, ölkədə azlıq təşkil edən uyğur türklərindən və digər müsəlman azlıqlardan çoxlu insan həbs edilib.

Birləşmiş Millətlər Təşkilatının ötən il dərc etdiyi hesabatda Sincanda "insanlığa qarşı cinayətlər törədilə biləcəyi" ifadə edilib. ABŞ və digər ölkələr isə regionda baş verənləri “soyqırım” kimi qələmə verirlər.

Çin Sincan-Uyğur Muxtar Bölgəsində yaşayan uyğur türklərinin işləməyə məcbur edildiyi iddialarını qətiyyətlə rədd edərkən, təhsil proqramları, iş planları və daha yaxşı təhsillə bölgədəki radikalizmin aradan qaldırılmasına kömək etdiyini vurğulayır.

Çıxışında Çin sədri Si vurğulayıb ki, hakimiyyət “Sincanda cəmiyyət müsbət təbliğat kampaniyaları aparmalı, açıqlıq və özünəinam mühiti yaratmalı və eyni zamanda insanları çaşdıracaq hər cür mənfi və zərərli ritorikanı rədd etməlidir".

Si Cinpin həmçinin bölgənin yerli və xarici turistlər üçün açılmasının vacibliyini vurğulayıb.