Yaz yenicə gəlsə də, Rusiyanın son illərin ən mühüm problemlərindən biri olan meşə yanğınları yenidən erkən narahatlıq yaratmağa başlayıb.
Hafta.az-ın yazdığına görə, Kurqan vilayətində baş verən meşə yanğınlarında həyatını itirənlərin sayı 21 nəfərə çatıb. Qeyd olunub ki, yanğın törətməkdə şübhəli bilinən 46 nəfər müəyyən edilib və haqlarında 7 müxtəlif istintaq işi açılıb.
Nazirlik bildirib ki, əslində yanğınlarla bağlı 46 şübhəli müəyyən olunsa da, onlardan bəzilərinin yetkinlik yaşına çatmadığı bəlli olub. Açıqlamada yanğınların səbəbinin bilinmədiyi, bununla bağlı konkret 7 nəfər haqqında cinayət işinə start verildiyi bildirilib.
Rusiya agentliklərinin məlumatına görə, bir neçə gün ərzində bölgədə 60 yanğın baş verib, 300-dən çox yaşayış evi və 4 minə yaxın müxtəlif təyinatlı tikili alovlara təslim olub.
Xatırladaq ki, 2021-ci ilin yayında Rusiyada 18,8 milyon hektar meşə sahəsi külə dönüb ki, bu da ölkə tarixində ən böyük yanğın sayılır.
Fövqəladə hallar naziri Aleksandr Kurenkov böyük səy göstərdiklərini və yanğınların yaxın günlərdə söndürüləcəyinə ümid etdiklərini açıqlayıb. Bildirilib ki, 11 min hektar ərazini əhatə edən yanğının rayonda 10 mindən çox evə keçməsinin qarşısı alınıb.
Yanğınların əhəmiyyətli bir hissəsinin "alovsuz torf yanğını" olaraq xarakterizə edildiyi deyilir. Alovsuz torf yanğını isə əsasən bataqlıqlarda əmələ gəldiyi üçün söndürülməsi çox çətindir.
Yanğınlardan sonra bölgədə fövqəladə vəziyyət elan edilib.