Şimali Amerikanın ən qızmar səhrasına qar yağıb

11:55 30.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şimali Amerikanın ən isti səhrasına yağan qısa, lakin xoş qarşılanan qar insanları sevindirib.

Hafta.az-ın yazdığına görə. Meksikanın Aşağı Kaliforniya, Sonora və Cənubi Aşağı Kaliforniya ştatlarında, ABŞ-ın Arizona və Kaliforniya ştatlarında isə təxminən 250 min kvadratkilometr ərazini əhatə edən Sonora səhrasının bir hissəsinə yağan qarın qalınlığı 4 saat ərzində təxminən 5-10 santimetrə çatıb.

"Pulitzer" mükafatlı mənzərə fotoqrafı Cek Daykinqa kaktusları örtən qarı çəkib. 1976-cı ildən Sonora səhrasının fotolarını çəkən Daykinqa deyib ki, 10 ildir bu əraziyə qar yağmayıb. Fotoqraf əlavə edib ki, mənzərə “bənzərsiz, tamamilə sehrli və heyrətamiz dərəcədə gözəl idi”. O, bunu "hər nəsildə bir dəfə yağan qar yağışı" kimi təsvir edib.

Qeyd edək ki, ABŞ-ın qərbində bu qış çoxlu qar yağıb. Arizona ştatının şimalındakı Flagstaff şəhərində qarın qalınlığı təxminən 3 metrə yüksəlib və son 70 ilin ən yüksək səviyyəsinə çatıb. Kaliforniyada isə qalınlığı təxminən 12 metr olan rekord qar yağıb.

Sonora səhrasında son dərəcə yüksək temperatur müşahidə edilsə də (adətən yayda 40 dərəcədən çox qızır, hətta temperatur 48 dərəcəyə yüksəlir), qış aylarında aşağı düşür. ABŞ Milli Park Xidməti qeyd edir ki, iqlim əsasən vadilərdə mülayim olaraq qalır, lakin yüksək dağlıq bölgələrdə güclü qar örtüyünə tez-tez rast gəlinir.