Şimali Koreya liderinin zirehli qatarı: 100 cangüdən, musiqiçilər, restoranlar...

09:44 12.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Cənubi Koreya mediası ötən gün Kimin Rusiyaya qatarla getdiyini bildirib. Bu, Şimali Koreya liderinin xaricə səfərlər üçün lüks, zirehli qatarına güvəndiyi ilk hal deyil.

Hafta.az-ın “New York Post”a istinadən yazdığına görə, Kimə qatarla səyahətə üstünlük vermək təyyarədə uçmaqdan qorxan mərhum diktator Kim Çen İrdən miras qalıb. Yaşıl və sarı qatar güllə keçirməzdir, zireh onu adi qatarlardan qat-qat ağır edir və sürətini saatda təxminən 60 kilometrədək aşağı salır.

Qeyd edək ki, hər hansı bir hücum zamanı qatarın qarşısında və arxasında iki ayrı qatar var. “Reuters” xəbər agentliyi qatarda 20-dən çox vaqonun olduğunu bildirib.

Qatarın tünd taxta panelli iclas otaqları, həmçinin çoxsaylı yataq otaqları, peyk telefonları, televizorları, bomba və digər təhlükələrə qarşı marşrutları, yaxınlaşan stansiyaları izləyən və skan edən 100-ə yaxın təhlükəsizlik işçisi ilə təchiz olunduğu bildirilir. Qatarda həmçinin sifariş əsasında rus, çin, koreya, yapon və ya fransız mətbəxini hazırlayan bir neçə aşpazdan ibarət yemək vaqonu var.

Kim Çen İrlə birlikdə səyahət edən Rusiya rəsmisi Konstantin Pulikovskinin sözlərinə görə, qatarda Koreya və rus dillərində mahnı oxuyan “gözəl dirijorlar” kimi tanınan bir qrup qadın musiqiçi də olub.

“ABC News” bəzi ekspertlərə istinadən bildirir ki, lüks qatar Şimali Koreyalıların əksəriyyətinin yaşadığı yoxsulluqla kəskin ziddiyyət təşkil edir.

39 yaşlı Kim 2018 və 2019-cu illərdə Putin, Çin prezidenti Si Cinpin və ABŞ-ın keçmiş prezidenti Donald Trampla görüşmək üçün bir neçə dəfə ailəsinin zirehli qatarından istifadə edib. Lakin atasından fərqli olaraq, Şimali Koreya lideri bəzən təyyarə ilə də səyahətə çıxır.

Rusiya Federal Mühafizə Xidmətinin (FSO) keçmiş kapitanı Qleb Krakulovun sözlərinə görə, Putin də 2022-ci ilin əvvəlində Ukraynanı işğal etmək qərarından sonra təyyarələrdən yayınmağa və xüsusi zirehli qatarla səyahət etməyə üstünlük verir.