Bu gün Bakıda Slovakiyanın Milli Günü və Slovakiya – Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr olunmuş rəsmi tədbir keçirilib.
Hafta.az-ın yazdığına görə, rəsmi şəxslərin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə əvvəlcə Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.
Çıxış edən Slovakiyanın ölkəmizdəki səfiri Milan Layçak ölkəsinin geridə qoyduğu 30 illik müstəqillik tarixində əldə etdiyi nailiyyətlərdən söz açıb. Bildirib ki, bu müddətdə Slovakiya beynəlxalq müstəvidə Avropa İttifaqı və NATO-nun üzvü kimi fəal fəaliyyətində daim uğurlar qazanıb.

Bu il Slovakiyanın müstəqilliyinin, eləcə də Slovakiya-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyini qeyd edildiyini xatırladan diplomat bildirib ki, bu dövrdə ölkələrimiz arasında kifayət qədər yüksək səviyyədə siyasi dialoqun, dövlət və hökumət rəsmiləri arasında səfərlərin, genişlənən iqtisadi əməkdaşlıq və artan mədəniyyət tədbirlərinin şahidi olmuşuq.
“Slovakiya parlamentinin sədri cənab Boris Kollar son iki ildə iki dəfə Bakıda olub və iki günədək üçüncü dəfə Bakıya səfəri gözlənilir. Həmçinin Slovakiyanın xarici işlər nazirləri iki ildən bir Azərbaycana səfər edirdilər. Bu il biz Azərbaycanın xarici işlər naziri cənab Ceyhun Bayramovu Bratislavada rəsmi səfər ilə qarşıladıq", - deyə səfir qeyd edib.
M.Layçak həmçinin xatırladıb ki, bu ilin sonuna qədər Bratislavada Azərbaycan səfirliyi açılacaq.

Azərbaycan hökuməti adından çıxış edən xarici işlər nazirinin müavini Fariz Rzayev Slovakiya səfirini və xalqını təbrik edib. Nazir müavini bildirib ki, noyabrda iki dost ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü qeyd ediləcək.
“Bu müddət ərzində Azərbaycanla Slovakiya arasında bütün sahələrdə əlaqələr çox sürətlə inkişaf edib. Xüsusilə də hökumət rəsmilərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafında mühüm rol oynayıb. Azərbaycan Milli Məclisi sədrinin Slovakiyaya, Slovakiya Milli Assambleyası sədrinin isə Azərbaycana səfəri bu xüsusdandır” deyən nazir müavini xatırladıb ki, 7 iyun tarixində xarici işlər naziri Ceyhun Bayramov Slovakiyaya işgüzar səfəri də Azərbaycan-Slovakiya əlaqələrinin birmənalı inkişafına sübutdur.
F.Rzayev deyib ki, Prezident İlham Əliyev iyulun 28-də Azərbaycanın Slovakiyada səfirliyinin açılmasına dair qanunu təsdiqləyib və bu yaxınlarda səfirliyin Bratislavada fəaliyyətə başlamasının şahidi olacağıq. Bu isə ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına daha güclü stimul verəcək.

Nazir müavininə görə, Slovakiya ilə Azərbaycan arasında iqtisadi sahədə də yaxşı əlaqələr qurulub.
“Slovakiya şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayələr yatırıb və bu proses indi də uğurla davam etdirilir” deyən F.Rzayev bildirib ki, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün ölkələrimiz arasında yaxşı potensial mövcuddur. Bura Azərbaycan qazının Slovakiyaya çatdırılmasından tutmuş bərpa olunan enerji sahəsində Slovakiyanın təcrübəsini Azərbaycanda tətbiq etməyədək bir çox vacib planlar daxildir.
O, Slovakiyanın Azərbaycanın işğaldan azad edilmiş bölgələrində minaların təmizlənməsi prosesinə verdiyi töhfələri də məmnunluqla qeyd edib.