Son 30 ildə su ehtiyatlarımız 15 faizədək azalıb - Nazirlik

16:37 15.03.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Qlobal iqlim dəyişmələrinin təsiri nəticəsində son illərdə temperaturun1,4 dərəcə selsi artması, yağıntının azalması, buxarlanmanın artması, Kür çayının və ölkənin digər çaylarının su ehtiyatlarının azalmasına səbəb olub.

Bu fikirləri hafta.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib:

 “90-cı illərləmüqayisədə son 30 ildə su ehtiyatlarımız Kür hövzəsində və ölkəmizin digər çay hövzələrində 15 faizədək azalıb. Əlbəttə ki, iqlim dəyişmələrinin təsiri ilə yanaşı sudan istifadənin çayda suyun azalmasına mənfi təsiri var. Çaylardan həddindən artıq su götürülməsi, sudan səmərəsiz istifadə, suyun nəqli və istifadəsi zamanı itkilərin yüksək olması bu problemi daha da kəskinləşdirib. Məhz bunun nəticəsində Kür çayının aşağı hissəsində həm əhalinin su təchizatında və eyni zamanda, suvarma və s. məsələlərdə bəzi problemlər yaranıb. İkinci bir tərəfdən də Kür çayının suyunun az olması çayın Xəzər dənizinə töküldüyü yerdə müəyyən ekoloji problemə səbəb olub ki, bu da suyun keyfiyyətinə, duzluluğunun atrmasına gətirib çıxarıb. Əgər əvvəllər Kürün aşağı axınında yayda 200-300 kubmetr su olurdusa, indi 70-80 kubmetrsaniyədir. Nəticədə Kür çayının səviyyəsi aşagı düşərək dənizin səviyyəsinə yaxın olub. Bu, öz növbəsində dənizdən duzlu suların şərq küləkləri zamanı çay boyu 20-30 kilometr hərəkət etməsinə səbəb olur, adi halda Kürdə duzluluğun 0,5 - 0,7 qram/litr olduğu halda, cənub-sərt küləkləri zamanı külək duzluluğu bəzən 8-10 qramadək artırılır və duzlu suları 20-30 kilometrə qədər gətirir. Bu da əhalinin su təchizatında ciddi problemlərə səbəb olur".

R.Verdiyev vurğulayıb ki, dövlət tərəfindən problemin qarşısının alınması üçün müvafiq işlər görülür: “Ölkə Prezidentinin sərəncamı ilə yaradılan su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiya məhz 2020-2022-ci illər üzrə Tədbirlər Planı hazırlayıb. Bu plan ölkənin su ehtiyatlarından səmərəli istifadə, su təsərrüfatı obyektlərində olan itkilərin qarşısının alınması ilə bağlı konkret tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Planda Milli Su Strategiyasının hazırlanması, qəbul edilməsi və müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır ki, bunlar arasında Kürün aşağı axınında su probleminin həlli də nəzərdə tutulur. Burada Kürün əvvəlki qollarının bərpası və yaxud da çay üzərində müvafiq qurğular qurmaqla dənizdən dalğalanma zamanı duzlu suların daxil olmasının qarşısının alınması, eyni zamanda, Kürün aşağı axınında müəyyən qədər çox axımın da təmin olunması kimi məsələlər öz əksini tapır”.

Onun sözlərinə görə, Milli Hidrometeorologiya Xidməti hər gün Kürün səviyyəsinin necə dəyişməsini, küləklər zamanı hansı proseslərin baş verməsini, duzluluğun necə dəyişməsini müşahidə edir:“Həmin məlumatlar üzərində iş aparılır. Bu məlumatlar təhlil ediləcək və daha sonra müvafiq işlər görüləcək. Müvafiq qurumlar da bu istiqamətdə işlər aparır, Kür boyu əraziyə vaxtaşırı baxış keçirirlər. Məqsəd gələcəkdə su ilə bağlı problemin kəskinləşməsinin qarşısını almaqdır.”