“Şort davası” – Müzakirə

11:55 26.08.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son günlər bölgələrə gedən yerli turistlərlə sakinlər arasında geyimlə bağlı insidentlər yaşanır. Məlum olduğu kimi, son belə bir insident İsmayıllı rayonunun Qalacıq kəndində yerli turistlərlə sakinlər arasında baş verib. Belə ki, kənd sakinləri onları "şortik" geyindiklərinə görə ərazidən uzaqlaşamağa məcbur ediblər. Məsələyə hüquq-mühafizə orqanları müdaxilə edəndən və sakinlərlə proflaftik söhbət aparandan sonra gərginlik aradan qaldırılıb.

Bəs, görəsən, bu kimi hallar nədən qaynaqlanır? Təbii ki, Azərbaycanın bölgələrinə təkcə yerli turistlər getmirlər və xarici turistlər də səfər edirlər. Bu kimi insidentlərin gələcəkdə turizmin inkişafına neqatif təsirləri ola bilərmi?

Məsələni hafta.az-a şərh edən turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov deyib ki, dünyada qəbul olunmuş yay geyimi ilə harasa səfər etmək problem yaratmamalıdır: “Əslində, bizdə baş verən hadisələr kiçik və istisna hallardır. Düşünmürəm ki, ölkə üzrə “şortik”lə bağlı belə bir qadağa var. Əvvəlki illərlə müqayisə vəziyyət xeyli dəyişib. Bəlkə də 20-30 il əvvəl şortla gəzmək bizim üçün çox qeyri-adi görünə bilərdi. İndiki durumda bu məsələdə qeyri-adi heç nə yoxdur. Hətta bizdə əvvəl xanımların şalvar, cins geyinməsinə qeyri-adi yanaşılırdı. İndi bütün bunlar hamısı adiləşib. Yəni kimə necə rahatdır geyinir. Təbii ki, əxlaqi normanı pozmadan geyim forması bizim ölkədə sərbəstdir. Onu bu şəkildə qabardıb təqdim etmək əlbəttə ki, yanlış təsəvvürlər formalaşdıra bilər. Hesab edirəm ki, bu məsələdə həm medianın, həm də aidiyyəti qurumların üzərinə məsuliyyət düşür. Bu məsələdə maarifləndirici məqamlar qabardılmalıdır. İnsanları qıcıqlandıran məsələləri qabartmaqdan düzgün deyil. İstənilən halda həm yerli, həm xarici turistlər turizm bölgələrində yaşayan insanlar üçün gəlir mənbəyidir. Turist əxlaqı, etik normanı pozmursa, müəyyən normaları qoruyursa şort da geyinə bilər, digər rahat geyim də. Doğru maarifləndirmə aparılmalıdır ki, hansısa yanlış anlaşılmazlıq baş verməsin. Belə insidentlərlə bağlı videolar xarici saytlara da düşə bilər, həmin videolara xarici vətəndaşlar baxa bilərlər. Onlarda ölkəmizlə bağlı yanlış təsəvvürlər oyana bilər.  Düzdür, turizmin təkcə müsbət xüsusiyyətlə yoxdur. Onun mənfi tərəfləri də var. Turizmin inkişaf etdiyi ölkələrdə, xüsusən axının çox olduğu yerlərdə aydındır ki, kriminal, narkotik, insan alveri kimi xoşagəlməz hallar da var. Ölkələr bunu mümkün qədər nəzarətdə saxlamağa çalışır və daha çox müsbət tərəflərindən faydalanmağa çalışırlar. Eyni zamanda, Azərbaycanda turist sayı elə çox deyil, potensialından aşağıdır. Quru sərhədlərinin bağlı olması ilə bağlı yerli turistlərin çoxu regionlara yönəliblər. Nəticədə daxili turizm daha çox canlanıb. Ola bilər ki, əhali birdən-birə bu qədər turist axınına hazır deyildi. Bu kimi hallar tənzimlənə bilən durumlardır və aidiyyəti qurumlar belə məsələlərə vaxtında çevik reaksiya versələr, ortada hansısa problem olmaz”.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən sosioloq Əhməd Qəşəmoğlu deyib ki, mədəniyyəti yüksək olan insan o insandır ki, hansısa gərginlik yaratmağa çalışmasın: “Mən bu yay demək olar ki, bütün bölgələrdə olmuşam. Həm də gərginlik yaranan bölgələrdə. İnsanlarla söhbətləşmişəm, fikirlərini öyrənmişəm. Deməli, əhalinin ən çox narahat edən turistlərin əraziləri zibilləməsi və geyim məsələsidir. Əgər bir kənddə camaat bu şəkildə gəzmirsə, kimsə “şortik” geyinib özünün mədəni olduğunu nümayiş etdirməlidir? Camaat bunu istəmir. Mədəniyyətsizlik gərginliyi yaradandadır. Ona görə bu məsələdə dərhal kənd camaatını günahlandırmaq düzgün deyil. Bir məsələdə də var ki, bəzən kənd yerində bəzi maraqlı adamlar gərginlik yaratmaq üçün kənd camaatının zəif damarından sui-istifadə edirlər. Bunu da nəzərə almaq lazımdır və belə məsələlərdə diqqətli olmaq vacibdir”.

Məsələnin psixoloji tərəflərinə gəlincə, psixoloq Vəfa Əkbər bizimlə söhbətində bildirib ki, ümumiyyətlə, bir insan öz həyatını özü idarə edə bilmədikdə başqalarını rahatlıqla qınaya bilir: “Əksər hallarda belə insanlar cəmiyyət üçün yaşayır və əxlaqi normativlər, ədəb-ərkan ona lazımdır deyə deyil, el qınayar, el belə istəyir deyə edirlər. Nəticədə bu insanlar başqalarının da şəxsi həyatını müzakirə və mühakimə edə bilirlər. Əksərən bu elə bir yerlərdə olur ki, orda insanlar öz fikirlərini, öz düşüncələrini ifadə etməkdə çətinlik çəkir. Və ona görə də onların içində daim məişət aqressiyası var. Öz sərbəstliklərini, öz müstəqilliklərini qazana bilmədikləri, özləri müəyyən bir çərçivədə olduqları üçün başqalarının da bu normativlərə uyğun davranmasını gözləyirlər. Ümumiyyətlə, ən böyük tərbiyəsizlik başqa bir insanın həyatını mühakimə etmək, onu qınamaq, ya da onun istəyi olmadığı təqdirdə onu müzakirəyə qoymaqdır. Birinci qayda bunu özümüz üçün təyin etməliyik. Qaldı ki bunun qarşısını necə almağa, hər belə davranışlarda, belə ictimai qınaqlarda bu fikirli insanlar əks reaksiya görsələr, yəni, onların bu fikrini dəstəkləməyən insanların sayının çox olduğunu gördükcə onlar da artıq başqalarının həyatını müzakirə etməkdən vaz keçəcəklər. Bu cür insanlar daha çox fərdi düşüncə deyil, toplum düşüncəsindən addım atırlar. Hansısa məsələni, fikri toplum qəbul etsə, onlar da qəbul edirlər”.