Sosial xidmət sahəsində yeni Dövlət Proqramı

19:31 01.09.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayı hər il 10 faiz artırılacaq. Qeyd edək ki, bu məsələ bir neçə gün öncə Prezident İlham Əliyevin təsdiqlədiyi Azərbaycanda sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün dövlət proqramında öz əksini tapıb. Sənəddə bildirilir ki, sosial xidmət sahəsində həyata keçirilən layihələrin davamlılığının təmin edilməsi, habelə layihələr çərçivəsində göstərilən xidmətlərin minimum səviyyəsinə dair tələbləri və bu tələblərə riayət olunmasına nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktların layihələri təsdiq edilməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) təqdim olunacaq. Həmçinin çətin həyat şəraitində olan şəxslərin sosial xidmətlərlə təmin edilməsi ilə əlaqədar fəaliyyətin həyata keçirilməsində iştirak edən özəl sektor subyektlərinin sayının artması üzrə müsbət dinamikaya nail olunacaq.

Sənəddə o da qeyd olunub ki, sosial xidmət müəssisələrinin fəaliyyətinə vahid nəzarət mexanizmi yaradılacaq. Sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarətin vahid mexanizminin müəyyən edilməsində əsas icraçı qurum Nazirlər Kabinetidir. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliy 2024– 2025-ci illər ərzində sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın layihəsinin hazırlanması, sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın layihəsinin müvafiq dövlət orqanları (qurumları) ilə razılaşdırılması və sosial xidmət müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə və səmərəliliyinə nəzarət mexanizmini müəyyən edən normativ hüquqi aktın təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunmasını təmin etməlidir.

Eyni zamanda, proqramda nəzərd tutulub ki, uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 400 məzunu mənzillə təmin ediləcək. Sənəddə qeyd edilib ki, çətin həyat şəraitində olan şəxslərə sosial xidmətin təşkili ilə bağlı həyata keçirilən fəaliyyətin sistemliliyi, operativliyi və səmərəliliyi artacaq.

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası prosesinin həyata keçirilməsində sistemlilik, operativlik və səmərəlilik artacaq.

Koordinasiya Şurası yaradılarkən və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası məqsədilə birgə tədbirlər həyata keçirilərkən aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsində çətinliklər yarana bilər. Bununla əlaqədar müvafiq işçi qrupların yaradılması nəzərdə tutulur.

Yeni yaradılacaq dövlət sosial xidmət müəssisələrində fəaliyyətin təşkilinə, həmçinin mövcud müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə sosial xidmət müəssisələrinin mövcud infrastruktur təminatının yaxşılaşdırılmasına, habelə müəssisələrin maddi-texniki təminatının və reabilitasiya prosesinin müasir beynəlxalq təcrübəyə uyğun qurulması istiqamətində tədbirlərin görülməsinə ehtiyac vardır. Həmçinin uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideyn himayəsindən məhrum olmuş, həmin müəssisələri tərk etmiş və yaşayış yeri olmayan məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi zəruridir.

Dövlət sosial xidmət müəssisələrinin (o cümlədən yeni yaradılan müəssisələrin) infrastrukturunun müasir beynəlxalq təcrübəyə uyğunlaşdırılması təmin ediləcək.

Dövlət Proqramının əhəmiyyəti ilə bağlı bizimlə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramov deyib ki, bu sənədin təsdiq edilməsi bütövlükdə sosial sferada dövlət təminatının gücləndirilməsinə xidmət edəcək: “Təbii ki, məqsəd, xüsusən də sosial işin gücləndirilməsi və  daha yaxından dəstəklənməsinə nail olmaqdan ibarətdir. Bu proqramın əsas özəlliklərindən biri ondan ibarətdir ki, proqram konkret fəaliyyətləri nəzərdə tutub və həmin fəaliyyətlər çərçivəsində eyni zamanda ölçülə bilən meyarlar var. Bu təbii ki, proqramın monitorinqi və güclənməsi, eləcə də qiymətləndirilməsi baxımından vacibdir. Proqramda diqqət çəkən məqamlar xüsusən həssas qrupların daha yaxından dəstəklənməsi ilə bağlıdır. Burada bir tərəfdən nəzərə alsaq ki, həm valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların mənzil təminatının gücləndirilməsi, həm ahıl vətəndaşlarımızın işlə təminatı, eləcə də sosial proqramların həcminin artırılması və proqrama əsasən 400  valideynini itirmiş uşaq, xüsusi sosial xidmət müəssisələrindən məzun olanlar evlə təmin olunacaqlar və bu da təbii ki, onların dövlət tərəfindən pulsuz ev təminatının həyata keçiriləcəyindən xəbər verir. Eyni zamanda, ahıl vətəndaşlarımızın iş təminatında da ciddi irəliləyişlərin olacağı gözlənilir. Bu sahədə proqramların ən azı 10 faiz artırılması nəzərdə tutulub. Ona görə də kifayət qədər çoxlu sayda proqramların, fəaliyyətlərinin icra edilməsi nəzərdə tutulub ki, bu da sosial təminat mexanizminin daha da təkmilləşdirilməsinə və gücləndirilməsinə xidmət edəcək”. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) iqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov isə Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan tədbirləri şərh edərkən bildirib ki, bu sənəd “2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına töhfə verəcək: “Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi "Sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nda əhalinin bütün həssas qruplarına göstəriləcək sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi ilə bağlı tədbilər öz əksini tapıb”.

O qeyd edib ki, 2026-cı ilə kimi ölkəmizdə sosial xidmətin inkişafı sahəsində kifayət qədər ciddi işlər planlaşdırılır: “Sözügedən proqram qəbul olunmazdan əvvəl də ölkədə sosial dövlət və inklüziv cəmiyyət prinsipləri əsas götürülərək əhalinin sosial cəhətdən həssas təbəqəsi, o cümlədən cəzaçəkmə müəssisələrindən azad edilmiş, valdeynlərini itirmiş, valideyn himayəsindən məhrum olan xüsusi internat məktəblərini bitirmiş şəxslərin sosial müdafiəsi diqqət mərkəzində olub və bu istiqamətdə ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilib. Lakin Dövlət Proqramında da qeyd edildiyi kimi son illərdə ölkədə ahıl, sağlamlıq imkanları məhdud şəxslərin, valdeyn himayəsindən məhrum uşaqların sayının çoxalması sosial xidmətlərə təlabatı da yüksəldib. Sosial xidmətlərin sayının artmasına baxmayaraq, bu artım daha sürətlə baş verir”.

E.Ələkbərovun sözlərinə görə, Dövlət Proqramında 7 məqsəd, 7 prioritet qeyd edilib. Proqramın əsas məqsədlərindən biri sosial xidmətlərin təşkilində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davam etdirilməsi, sosial xidmət sahəsində dövlət-özəl tərəfdaşlığının genişləndirilməsidir: "Eyni zamanda layihə çərçivəsində hamı üçün bərabər iştirak imkanını təmin edən sosial xidmətlər sisteminin formalaşması, çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətin əhatəsinin genişlənməsi və əhalinin göstərilən xidmətlərdən məmnunluq səviyyəsinin artması, sosial xidmətlərin ünvanlılığının və keyfiyyətli xidmətlərə əlçatanlığın təmin edilməsi və sosial xidmət sahəsində ixtisaslı kadr potensialının formalaşması hədəf indikatorları müəyyən edilib".

İİTKM-in təmsilçisi qeyd edib ki, qəbul olunmuş Dövlət Proqramı sosial xidmətlərin əhatəsinin genişlənməsi və keyfiyyətinin yüksəldilməsi baxımından olduqca əhəmiyyətli sənəd hesab oluna bilər və proqramın icrası bu sahədə bir çox müsbət dəyişikliklərin yaranmasına gətirib çıxaracaq: “Dövlət Proqramı çərçivəsində sosial xidmət müəssisələrinin fəaliyyətinə nəzarətin vahid mexanizminin müəyyən edilməsi və sosial xidmət sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə Koordinasiya Şurasının yaradılması nəzərdə tutulub. Həmçinin proqramın icrası nəticəsində 2026-cı ilə kimi sosial xidmət müəssisələrinin, təhsil müəssisələrinin valideynlərini itirmiş və yaxud valideyn himayəsindən məhrum 400 məzunu mənzillə təmin ediləcək, 6 şəhər və rayonda ahıl şəxslərin cəmiyyətə inteqrasiyasını hədəfləyən layihələr həyata keçiriləcək. Bundan başqa azı 120 uşağın himayədar ailəyə verilməsi və 220 uşağın ailəyə qaytarılması istiqamətində iş aparılacaq, ailədaxili mübahisələrin həlli ilə bağlı mediasiya xidmətlərinin tətbiqi genişləndiriləcək, dövlət sifarişi ilə sosial xidmət sahəsində həyata keçirilən layihələrin sayının hər il 10 faiz artmasına nail olunacaq”.