Sülh müqaviləsinin mətni 8 kənd nəzərə alınaraq hazırlanmalıdır - Politoloq

19:13 01.12.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Keçirlən bu görüş sərhəddə sülh sazişinin razılaşdırılması ilə bağlı olsa da, heç bir nəticəsi olmayıb. Bu  fakt onu göstərir ki, Ermənistan hələ də sülh müqaviləsini imzalamağa hazır deyil”.

Bunu hafta.az-a politoloq Natiq Miri Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistanın baş naziri Mher Qriqoryanın dünən Qazax-İcevan (Karvansaray) sərhədində görüşü, burada əldə olunan razılaşmaların nədən ibarət olması, eləcə də  Ermənistanın sülh müaviləsini imzalaması üçün hansı şərtlərə əməl etməli olduğu barədə açıqlamasında bildirib.

 N.Miri qeyd edib ki, sərhədlərin müəyyənləşməsi ilə bağlı Qazaxda baş tutan görüş beşinci görüşdür.

“Əgər hər hansı razılıq olsaydı, hər iki tərəfdən yaradılan ekspertlər qrupu oturub həmin mətn üzərində işləməyə davam etməli idilər.

Ermənistan sərhəddə birbaşa Azərbaycanla görüşmək istəmir. Çünki ona təminat lazımdır və o təminatı da ona havadarları verməlidir. Bu da sülhü çətinləşdirir. Çünki artıq sülh müqaviləsində Azərbaycanın və Ermənistanın maraqları deyil, başqa xarici amillərin geosiyası maraqlarının da iddiası ortaya çıxır. Bu isə Azərbaycanın milli maraqlarına uyğun deyil”.

Politoloq hesab edir ki, qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya, demarkasiyası, kommunikasiyaların açılması normal şərtlərdir. Bu yöndə çərçivə sazi də imzalamaq olar.

“Ermənistan ərazilərin 1991-ci ildə mövcud olan sərhədlər çərçivəsində tanınmasını istəyir. Ancaq bunun özündə ziddiyət var. Çünki, 1991-ci ildən sonra Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal etdi və bununla da özünün imzaladığı Alma-atı bəyannaməsini yox elədi”.

N.Miri bildirir ki, sülh müqaviləsinin mətnini hazırlamaq üçün ilk növbədə 8 kəndin Ermənistanın işğalında olması faktı araşdırılmalı, sənədlər hüqquqi əsas olaraq ortaya qoyulmalıdır.

“O ərazilərin otlaq sahəsi olaraq Ermənistana verilməsi faktı var. 80-ci illərin axırlarında Azərbaycan Nazirlər Sovetinin rəsmisi bu torpaqların Ermənistana icarəyə verilməsi üçün görüşə getmişdi. Burada Qazax camaatı üsyana qalxaraq həmin məmurun maşınını belə çevirmişdilər. Bu sənədlər hüquqi olaraq ortaya qoyulmalı, həmin torpaqlar anklav olmaqdan çıxarılmalıdır. Sülh müqaviləsinin mətni 8 kənd nəzərə alınaraq hazırlanmalıdır. Ermənistan buna hazır deyil”.