Rusiya sülhməramlıları tərəfindən Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə bəyanatında nəzərdə tutulmuş hüdudları aşan yeni xəritə təqdim edilməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub. Erməni silahlıları məhz Rusiya sülhməramlılarının nəzarəti altında Azərbaycanın ərazilərində növbəti müharibə və terror aktları törədirlər.
ADP sədri Sərdar Cəlaloğlu mövcud vəziyyətlə bağlı hafta.az-a bildirib ki, əslində biz Rusiyanın müharibədə Ermənistana hansı silahlarla və necə dəstək verdiyini görürdük. Rusiya regionda sülhün təmin edilməsi ilə bağlı öhdəliklə Qarabağa yeləşibsə, öz missiyasını doğru-düzgün yerinə yetirməlidir.
“Üçtərəfli bəyanatdan sonra Ermənistanla Azərbayacan arasında müəyyən sənədlər imzalanmalı idi. Bu bəyanat qeyri-müəyyən bir sənəddir. Hazırda Rusiya sülhməramlıları ermənilərə istənilən hüquqlar verir, Azərbaycanın əl-qolunu bağlayır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan məsələni Rusiya ilə qəti şəkildə müzakirə eləyib, məsələni dəqiqləşdirməlidir. Belə qeyri-müəyyən sənədlə ermənilər təzədən müharibəyə başlayacaqlar, biz də heç nə edə bilməyəcəyik. Sülhmərəmlıların özlərinə yeni xəritələr çıxarması da birmənalı olaraq Rusiyanın özbaşınalığıdır”.
ADP sədri bildirib ki, bu gün Türkiyə monitorinq mərkəzi də bu günə qədər bölgədə heç bir iş görməyib.
“Türkiyə Rusiyanın Qarabağdakı fəaliyyətini neytrallaşdırmasa, bu, Azərbaycan və bölgədə çox böyük problem yaradacaq. Müharibə yenidən başlaya bilər. Əks halda Azərbaycan Rusiya sülhməramlılarını bölgədən çıxarmaq üçün bəyanatla BMT-yə müraciət etməli, lazım gələrsə müharibə yolu ilə də öz ərazilərini işğaldan azad etməlidir”.