Taliban Çinin “Bir kəmər, bir yol” sammitinə dəvət edildi

09:10 16.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Taliban hökuməti nümayəndəsinin bu həftə Pekində keçiriləcək “Bir Kəmər, Bir Yol” Forumunda iştirak edəcəyi açıqlanıb.

Hafta.az-ın “Reuters”ə istinadən yazdığına görə, dünyanın heç bir ölkəsi tərəfindən rəsmən tanınmayan Taliban hökumətinin Çində keçirilən sammitə öz nümayəndəsini göndərməsi Pekinlə Əfqanıstan arasında münasibətlərin dərinləşməsi deməkdir.

Taliban rəsmiləri əvvəllər əsasən Əfqanıstanla bağlı regional sammitlərdə iştirak etmişdilər, lakin “Bir Kəmər, Bir Yol” Forumu əfqan qrupunun dəvət olunduğu ən yüksək səviyyəli çoxtərəfli sammit kimi qeydə alınıb.

Çərşənbə axşamı başlayacaq və iki gün davam edəcək sammit, Çinin Afrika və Avropa ilə əlaqələrini gücləndirəcək infrastruktur və enerji layihələrini ehtiva edən "Bir Kəmər, Bir Yol" təşəbbüsünün 10-cu ildönümü ilə əlaqədar keçirilir.

“Reuters”ə danışan Əfqanıstan hökumətinin sözçüsü deyib ki, Talibanın ticarət və sənaye naziri Hacı Nurəddin Əzizi sammitdə iştirak üçün Pekinə gedəcək. Sözçü "Əzizi foruma qatılacaq və böyük investorları Əfqanıstana dəvət edəcək" deyib.

Onilliklər ərzində müharibə və münaqişələrin içində olan Əfqanıstan zəngin faydalı qazıntı yataqlarına malikdir. 2010-cu ildə verdiyi açıqlamada Əfqanıstan Mədən Nazirliyi ölkədə toxunulmamış mis, qızıl və litium mədənlərinin olduğunu bildirib, bu mədənlərin ümumi dəyərinin 1-3 trilyon dollar civarında olduğunu iddia edib.

Pekin administrasiyası Əfqanıstanın şərqində böyük mis mədəni yaratmaq istəyir. İki ölkə arasında Qərbin dəstəklədiyi əvvəlki hökumət dövründə başlayan danışıqlar Taliban hakimiyyəti dövründə də davam edib.

Taliban sözçüsü bildirib ki, nazir Əzizi Pekində Vaxan dəhlizinə yol çəkmək üçün də danışıqlar aparacaq. Vaxan dəhlizi Əfqanıstanın şimalındakı dağlıq bölgələrdən Çin sərhədinə qədər uzanan və Çinə birbaşa çıxışı təmin edən ensiz xəttdir.

May ayında Çin, Taliban və qonşu Pakistan rəsmiləri Əfqanıstanın “Bir Kəmər, Bir Yol”a daxil edilməsini arzuladıqlarını ifadə edən bəyanatlar veriblər və Əfqanıstan sərhədi boyunca Çin-Pakistan İqtisadi Dəhlizinin uzadılması gündəmdə olub.

Bölgədə sabitliyin qorunub saxlanmasının tərəfdarı olduqlarını bildirən Çin rəhbərliyi son zamanlar Talibanla əlaqələrini gücləndirib və ilk ölkə olaraq Kabilə yeni səfir təyin eib.