“Taliban” qadınlara tibb bacısı ixtisası üzrə təhsil almağı yasaqladı

09:10 05.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əfqanıstanda mamalıq və tibb bacısı ixtisası üzrə təhsil alan qadınlara dərslərə getməmək əmri verildi. Beləliklə, onlar təhsillərini başa vurmaq imkanından məhrum olublar.

Hafta.az-ın yazdığına görə, bu barədə BBC məlumat yayıb. Jurnalistlər Əfqanıstanda beş təhsil müəssisəsinin rəhbərliyi ilə müsahibə aparıblar. Onlar bildiriblər ki, “Taliban” nümayəndələri təhsil müəssisələrini bağlamaq və əlavə göstərişləri gözləmək əmri verib.

Rəsmi açıqlama hələ dərc edilməsə də, qadağa “Taliban” hərəkatının Səhiyyə Nazirliyindəki iki mənbəsi tərəfindən təsdiqlənib.

Artıq sosial şəbəkələrdə bu xəbərə ağlayan tələbə qızların videosu yayılıb.

“Taliban” 2021-ci ilin avqustundan qızların orta və ali təhsil almasını qadağan edib.

“Taliban” dəfələrlə qızları bir sıra məsələləri, o cümlədən “İslam” kurikulumu həll etdikdən sonra məktəbə qəbul edəcəyinə söz verib. Lakin bu hələ baş verməyib.

Tibb bacısı və ya mamalıq kursları təklif edən kolleclər təhsil almaq istəyən qadınlar üçün açıq olan bir neçə ixtisasdan biri idi. Belə kurslarda 17 minə yaxın qadın təhsil alıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Əfqanıstan dünyada ana ölümünün ən çox qeydə alındığı ölkələrdən biridir. Xüsusilə, hər 100 min diri doğuşa görə 620 qadın ölür.