İnquşetiyada tanınmış ruhani və sünni məscidinin vaizi İdris Tumqoyevin Rusiya təhlükəsizlik qüvvələrinin evinə basqın etdikdən sonra saxlanıldığı bildirilib.
Hafta.az yazır ki, təhlükəsizlik qüvvələri iyunun 30-da səhər saatlarında İnquşetiyanın Surxaxi kəndindəki sünni məscidinin vaizi olan İdris Tumqoyevin evinə basqın edib və axtarış aparıb. Axtarışdan sonra Tumqoyevin naməlum yerə aparıldığı bildirilib və onun harada saxlanıldığı barədə heç bir rəsmi məlumat verilməyib.
Bildirildiyi kimi, İdris Tumqoyev İnquşetiyada tanınmış vaizdir və Mədinə İslam Universitetinin Şəriət fakültəsinin məzunudur.
Yerli mənbələr təhlükəsizlik qüvvələrinin Tumqoyevlə əvvəllər dəfələrlə görüşdüyünü və onu təhlükəsizlik orqanları ilə əməkdaşlığa məcbur etməyə çalışdığını bildirib.
Eyni mənbələr əvvəllər İnquşetiyada saxlanılan din xadimləri Əbdürrəşid Qardanov, Məhəmməd Tamasxanov, Məhəmməd Sultıqov və Nazir Ceitovun da eyni şəkildə saxlanıldığını bildirib.
Mənbələrə görə, bu din xadimləri saxlanıldıqları müddətdə ağır döyülmə və elektrik şoku kimi işgəncə üsullarına məruz qalıblar. Daha sonra bölgəni tərk etməmək barədə öhdəlik imzalamağa məcbur edildikdən sonra elektron ayaq biləyi monitorları ilə sərbəst buraxılıblar.
Rusiya hakimiyyəti İdris Tumqoyevə qarşı irəli sürülən ittihamlarla bağlı heç bir məlumat yaymayıb.