Əsas problem dərmanların qiymətlərin tənzimlənməsi məsələsində ortaya çıxır. Yəni, Tarif Şurasında bu məsələnin tənzimlənməsi doğru addım deyil.
Bu fikirləri hafta.az-a Sosial Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirib.
Onun sözlərinə görə, bu sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə ziddiyyət təşkil edir. Məsələn, bir sahibkar xaricdən dərman idxal edir və həmin dərmanı zavoddan həmişə eyni qiymətə ala bilməz:
“Müxtəlif faktorlar qiymətlərə mütəmadi olaraq təsir göstərir. Belə olan təqdirdə, sahibkar dərmanı Tarif Şurasının qoyduğu qiymətə sata bilməz. Ona görə də məhz bu siyasətdən sonra xeyli dərman idxalçıları ya bazardan uzaqlaşdılar, ya da bioloji aktiv əlavələr gətirməyə başladılar. Çünki bioloji aktiv əlavələr kimyəvi molekul olmadığından yalnız Mərkəzi Analitik Laboratoriyadan sertifikat alınır. Eyni zamanda, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uyğunluq sertifikatı əldə olunduqdan sonra mal ölkəyə idxal olunur və qiymətə də Tarif Şurası müdaxilə etmir”.