Tatarıstanın Türkiyədəki nümayəndəliyi yeni binasına köçüb

09:32 27.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbulda Tatarıstannın Türkiyədəki tam səlahiyyətli nümayəndəliyinin və Tatarıstan ticarət evinin yeni binasının açılışı olub.

Hafta.az-ın yazdığına görə, Tatarıstan prezidentinin mətbuat xidmətindən TASS-a verilən açıqlamada bildirilib ki, nümayəndəliyin yeni binası İstanbulun Bəykoz rayonunda yerləşir.

Tatarıstanın rəsmi nümayəndəliyi 25 ildən artıqdır ki, Türkiyədə fəaliyyət göstərir. Mərkəz Tatarıstanın Türkiyə və dünyanın digər ölkələri ilə ticarət və iqtisadi əlaqələrinin inkişafına mühüm töhfə verir.

Türkiyə Tatarıstanın aparıcı xarici tərəfdaşlarından biridir.

2022-ci ilin sonuna Türkiyə ilə Tatarıstan arasında ticarət dövriyyəsi 1,2 milyard dollara çatıb. Türk sərmayədarlar Tatarıstanda 10 fabrik açıblar. Türkiyənin Tatarıstandakı investisiyalarının ümumi həcmi təxminən 2 milyard dollar təşkil edir.

Tatarıstanın Türkiyəyə tədarük etdiyi əsas məhsullar yanacaq, yağ, rezin, plastik məmulatlar, üzvi kimyəvi birləşmələr, qeyri-üzvi kimya məhsulları, sintetik yuyucu vasitələr, polimer materiallar, taxta məmulatları və qara metal məmulatlarıdır.

Türkiyədən Tatarıstana satılan mallara nəqliyyat vasitələri, mexaniki və elektrik avadanlıqları, dəmir və adi metallar, plastik, xəz, dəri və şüşə, mebel, rezin, döşəmə, əczaçılıq məhsulları və digər məhsullar daxildir.

Tatar və türk xalqlarını oxşar mədəniyyət, ortaq adət-ənənələr, oxşar dil və ortaq din birləşdirir.

Tatarıstan-Türkiyə əməkdaşlığı 22 may 1995-ci il tarixli Ticarət, İqtisadi, Elmi-Texniki və Mədəni Əməkdaşlıq haqqında Hökumətlərarası Saziş çərçivəsində inkişaf edir.

İstanbulda Tatarıstanın Tam Səlahiyyətli Nümayəndəliyi 1997-ci ilin sentyabr ayında açılıb. Türkiyənin də Kazandakı Baş Konsulluğu isə 1996-cı ilin sentyabr ayından fəaliyyət göstərir.