“Tibb işçilərinin əməkhaqqı digərləri ilə müqayisədə aşağı idi” – Həkim

11:24 05.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda səhiyyə işçilərinin sosial rifahı daha da yaxşılaşacaq. Qeyd edək ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə  31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra net məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.

İcbari Tibbi Sığorta üzrə Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini  bildirib: “Bu, səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına cari il üzrə edilən sayca 5-ci dəyişiklikdir. Çalışırıq, tibbi xidməti alan tərəf məmnun olduğu qədər xidməti verən  tibb işçiləri də icbari tibbi sığortanın tətbiqindən razı qalsın. Məqsədimiz tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətləri vətəndaşlara əlçatanlığı təmin etməkdir. Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90% arası dəyişəcək. Maliyyə imkanları artdıqca çalışacağıq ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına yenidən baxaraq onların sosial müdafiəsini daha da gücləndirək”.

Onun sözlərinə görə, Agentlik tibb işçilərinə güzəştli ipoteka kreditlərinin verilməsi ilə bağlı da təklif hazırlayıb: “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin əlavə edilməsi ilə bağlı təklif hazırlayıb. “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na təklif olunan dəyişikliklər tibb işçilərinin mənzilə olan tələbatının ödənilməsi və onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır. Təklifdə güzəştli ipoteka kreditindən istifadə etmək hüququ əldə etmək üçün gənc ailənin üzvü olaraq ən az 3 il dövlət tibb müəssisələrində tibbi fəaliyyətlə məşğul olmaq tələbi var. Eyni zamanda gənc ailənin üzvü olmayan  tibb işçilərinin güzəştli ipoteka kreditindən yararlanması üçün ən az 15 il dövlət tibb müəssislərində tibbi fəaliyyətlə məşğul olmaq tələbi irəli sürülüb. Təklif artıq aidiyyəti dövlət orqanlarına və qurumlarına təqdim olunub. Sənəd qəbul olunduğu təqdirdə dövlət orqanlarının nəzdindəki tibb müəssisələrində çalışan həkimlər, orta və kiçik tibb işçiləri (tibb müəssisəsinin rəhbəri istisna olmaqla) güzəştli ipoteka kreditindən yararlanmaq imkanı əldə edəcəklər”.

Məsələni hafta.az-a şərh edən səhiyyə sahəsi üzrə ekspert İlqar Hüseynli deyib ki, nəzərdə tutulan yeniliklər tibb işçilərinin sosial rifahının daha da yaxşılaşdırılmasına imkan yaradacaq:

“Biz bu yenilikləri gözləyirdik. Çünki tibb işçilərinin əməkhaqqı digər sahələrdə çalışanların əmək haqqı ilə müqayisədə aşağı idi. Amma burada problem odur ki, məsələyə selektiv yanaşma var. Çox yaxşı olardı ki, bu məsələ ixtisas yönümündən asılı olmayaraq bütün xidmət kateqoriyasını əhatə edərdi.  Yəni, hər bir tibb işçisinə aid olardı. O ki qaldı güzəştli ipoteka məsələsinə, düşünürəm ki, bu yenilik tibb işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün geniş imkanlar yaradacaq. Bu o deməkdir ki, tibb işçilərinin də ölkədə aparılan sosialyönümlü layihələrə əlçatanlığı təmin olunacaq. Hesab edirəm ki, ölkəmizdə kifayət qədər gənc tibbi kadrlara ehtiyac var. Bizdə gənc tibb kadrlarının böyük əksəriyyəti Almaniya və digər ölkələrə üz tuturdular. Bunun ilk səbəbi də ondan ibarət idi ki, təklif olunan əmək haqqı aşağı idi və tibb işçilərinin sosial layihələrə əlçatanlılığı yox dərəcəsindəydi. Əgər biz bu yenilikləri uğurla tətbiq etmiş olsaq, o zaman tibb kadrlarının xaricə axınının da qarşısını almış olacağıq”.