ABŞ-ın keçmiş prezidenti Donald Trampın müşavirlərinin ikitərəfli ticarətdə ABŞ dolları əvəzinə öz valyutalarından istifadə etməyə meylli olan ölkələrə qarşı sanksiyalar planlaşdırdığı iddia olunub.
Hafta.az-ın “Bloomberg”ə istinadən yazdığına görə, xəbərdə planların Trampın keçmiş iqtisadi müşavirləri tərəfindən hazırlandığı bildirilib.
Xəbərdə qarşılıqlı ticarət əməliyyatlarını dollardan başqa valyutalarla həyata keçirməyə cəhd edən ölkələrə ixrac nəzarətinin, gömrük rüsumlarının artırılması və valyuta manipulyasiyasına görə cəzalar kimi sanksiyaların tətbiq oluna biləcəyi iddia edilib.
Planın xüsusilə BRİKS ölkələrinin “dollarizasiya” prosesinin qarşısını almaq məqsədi daşıdığı da bildirilib.
Noyabrda keçiriləcək prezident seçkilərində Trampın rəqibi prezident Co Bayden üzərində qələbə çalmasından sonra xüsusilə BRİKS ölkələri hədəfə alına biləcəyi bildirilib.
Avqustda Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən 15-ci BRİKS Zirvə toplantısında üzv ölkələr qarşılıqlı ticarətdə dollar əvəzinə yerli valyutaların istifadə edilməsinin vacibliyini vurğulayıblar. Gələcəkdə BRİKS-ə məxsus ayrıca valyutanın yaradıla biləcəyi də bildirilib.
2009-cu ildə Braziliya, Rusiya, Hindistan və Çinin iştirakı ilə yaradılan BRIC bir il sonra Cənubi Afrika Respublikasını da əhatə edəcək şəkildə genişlənərək BRİKS oldu. Bu il yanvarın 1-də Birləşmiş Ərəb Əmirlikləri, Efiopiya, İran, Misir və Səudiyyə Ərəbistanı da birliyə qoşulub.
Tramp martın 11-də CNBC-yə verdiyi müsahibədə “Ölkələrin dollardan çıxmasına nifrət edirəm” deyib.
Amerika dollarının ticarət sahəsində standart olaraq qorunub saxlanması lazım olduğunu müdafiə edən 77 yaşlı respublikaçı aşağıdakı ifadələrdən istifadə edib: “Mən ölkələrin dollardan çıxmasına icazə verməzdim, çünki biz bu standartı itirəndə inqilabi müharibəni uduzuruq. Baydenlə davam etsəniz, bu standartı itirəcəksiniz. Biz indiyə qədər apardığımız ən böyük müharibədə məğlub olardıq”.