ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük oğlu Donald Tramp Jr. Nyu Yorkda davam edən işin dinləmələrində "illər boyu daşınmaz əmlak sənayesində bir çox insanı və qurumu aldatmaq" ittihamı ilə bağlı ifadə verib.
Hafta.az-ın yazdığına görə, dünən Manhettendə əyalət Ali Məhkəməsində keçirilən iclasa kiçik qardaşı Erik Trampla birlikdə gəlib.
İclasın günorta hissəsində müttəhim kürsüsündə əyləşən kiçik Tramp Nyu York Baş prokurorunun müavini Kollin Fahertinin suallarını cavablandırıb.
İşin əsasını təşkil edən mühasibat hesabatları ilə bağlı sualları cavablandıran kiçik Tramp şirkətin mühasibat işləri ilə bağlı o qədər də məlumatlı olmadığını bildirib və "Bu məsələləri mühasiblərimizin öhdəsinə buraxıram. Onların fikir və qiymətləndirmələrinə güvənirəm" deyib.
Bu gün yerli vaxtla saat 10:00-da başlayacaq iclasda kiçik Trampın ifadəsi davam etdiriləcək. Daha sonra müttəhimlər kürsüsündə onun qardaşı Erik Tramp oturacaq. Keçmiş prezident Trampın noyabrın 6-da, qızı İvanka Trampın isə noyabrın 8-də ifadə verəcəyi gözlənilir.