“Transxəzər marşrutu tranzit potensialımızın gücləndirilməsində mühüm rol oynamağa çağırılır. Ortamüddətli perspektivdə bu dəhliz üzrə nəqliyyatın həcmi 5 dəfə artırıla bilər. Bunun üçün tərəfdaş ölkələrlə - Çin, Azərbaycan, Gürcüstan, Türkiyə ilə gücümüzü birləşdirməliyik”.
Hafta.az-ın yazdığına görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomard Tokayevin xalqa müraciətində deyilir. Dövlət başçısı qeyd edib ki, “Baxtı” keçidində yeni “quru liman”ın, Aktauda konteyner qovşağının tikintisinin sürətləndirilməsi, Orta dəhliz boyunca Qara dənizdə liman qurğularının genişləndirilməsi planlaşdırılır. Artıq Çinin Sian şəhərində və Gürcüstanın Poti limanında Qazaxıstan terminallarının tikintisinə başlanılıb.
“Bunlar Çinin “Bir kəmər, bir yol” meqa-layihəsinin bizim milli təşəbbüslərimizlə necə əlaqələndirilməsinin real nümunələridir. Nəqliyyat potensialının reallaşması istisnasız olaraq bütün qonşu dövlətlərlə, o cümlədən Rusiya, Çin, Mərkəzi və Cənubi Asiyadakı mehriban qonşularımızla konstruktiv və yaxın qonşuluq münasibətlərimizdən asılıdır”, - Prezident Tokayev deyib.