Bu gün Nur-Sultanda Beynəlxalq Türk Akademiyası Elmi Şurasının beşinci növbəti iclası keçirilib.
İclasda Türk Dövlətləri Təşkilatının baş katibi Bağdat Amreyev, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev, Qazaxıstanın təhsil naziri Asxat Ayamaqambetov, elm və ali təhsil naziri Sayasat Nurbek, Qırğız Respublikasının təhsil və elm naziri Almazbek Beyşenaliyev, Azərbaycan, Özbəkistan və Qırğızıstanın Qazaxıstandakı səfirləri Ağalar Atamoğlanov, Saidikram Niyazxocayev və Dastan Dyuşekeyev, Türkiyə və Macarıstanın səfirliklərinin diplomatları iştirak edib.
İclasda Akademiya prezidenti 2021-ci il üçün görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib, 2022-ci il üçün iş planını təqdim edib.
İclasda Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrlik Türkiyədən Qazaxıstana keçib. Görülən işləri yüksək qiymətləndirən Elmi Şura üzvləri Akademiyanın 2022-ci il üçün iş planını təsdiqləyib, növbəti iclasın yeri və vaxtı barədə razılığa gəliblər.
Şura üzvləri bir sıra məsələlərlə bağlı konkret qərarlar qəbul ediblər. O cümlədən, türk dünyasının önəmli tarixi günləri və yubileylərinin siyahısı, ortaq dərsliklər, təhsil və elm sahəsində əməkdaşlıq məsələləri, elmi-tədqiqat layihələri müzakirə edilib, prioritet istiqamətlər təsdiq edilib.
Qeyd edək ki, 2022-ci ildə türk dünyasının əlamətdar tarixləri sırasında Süleyman Çələbinin vəfatının 600, Ahmet Baytursınlının anadan olmasının 150, Muxtar Auezovun 125, Hüseyn Cavidin 140, İşenalı Arabayevin 130 və digər görkəmli şəxsiyyətlərin yubileyləri də var.