Türkiyə Statistika Təşkilatı builki Dünya Əhali Günü bülleteni açıqlayıb. 1987-ci il iyulun 11-də dünya əhalisi 5 milyarda çatdı. Həmin gün Ümumdünya Əhali Günü elan edildi. Hər il Ümumdünya Əhali Günündə dünya əhalisi haqqında məlumatlar dərc olunur. Bu il Türkiyə əhalinin sayına görə dünyanın 18-ci böyük ölkəsi oldu.
Hafta.az-ın yazdığına görə, 2023-cü ildə ən çox əhalisi olan ölkə 1 milyard 428 milyon 627 min 663 nəfərlə Hindistan olub. İkinci yerdə 1 milyard 425 milyon 671 min 352 nəfərlə Çin, üçüncü yerdə isə 339 milyon 996 min 563 nəfərlə ABŞ qərarlaşıb. Bu ölkələr dünya əhalisinin təxminən 40 faizini özündə cəmləyib.
Türkiyə 85 milyon 372 min 377 nəfər əhalisi ilə 194 ölkə arasında 18-ci yerdə qərarlaşıb.
Bildiyimiz kimi, 0-17 yaş arası şəxslər uşaq sayılır. Buna görə dünyada ən çox uşaq əhalisi olan ölkələr 55,5 faizlə Niger və Mərkəzi Afrika Respublikası olub. Ən aşağı uşaq əhalisi olan ölkə isə 13,9 faizlə Cənubi Koreyadır.
2023-cü ildə ən çox gənc əhaliyə malik ölkə 24,1 faizlə Suriyadır. Ən az gəncin yaşadığı ölkə isə Ukraynadır. Türkiyədə gənc əhalinin nisbəti 15,1 faizdir.