Türkiyə Ermənistanla sərhədləri bu halda açacaq - Serdar Akyol

12:03 11.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın 44 günlük müharibədən sonra yenə də torpaq iddiası, müharibə ritorikası ilə çıxış etməsi Qarabağda və dövlət sərhədində törətdiyi hərbi təxribatlar regiondakı geosiyasi vəziyyəti qeyri-stabil, gərgin olaraq saxlamaqdadır. Ermənistan 2020-ci ildə Rusiyanın vasitəçiliyi sonadək məhv edilməkdən qorunaraq üçtərəfli atəşkəs sazişinə imza atsa da, iki ildir götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır. Türkiyə Cümhuriyyətinin bu prosesdə həyata keçirdiyi barışdırıcılıq missiyası, eləcə də çağırışlar ermənilər və yaxud onlara cəsarət verən tərəflərin maraqları səbəbindən yerinə yetirilmir. Hafta.az-a müsahibə verən Türkiyənin Beynəlxalq İnternet Media və Kommunikasiya Nəşriyyatlarının Prezidenti  (UİMDER) Serdar Akyol maraqlı fikirlər söyləyib.

- Son Putin Ərdoğan görüşü Cənubi Qafqazda mövcud vəziyyətə hansı təsirini göstərə bilər və bu fonda Qarabağda gedən hazırkı prosesi necə dəyərləndirirsiniz?

- Azərbaycan-Rusiya prezidentlərinin Ermənistanın baş naziri ilə 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli atəşkəs sazişi Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasını rəsmən təsdiqləyib. Ermənistan imzalanan birgə sazişin şərtlərini bu günədək yerinə yetirməyib. Laçın dəhlizi açılsa da, Zəngəzur dəhlizi hələ də açılmayıb və erməni silahlıları Qarabağdan geri çəkilməyiblər. Həmçinin sərhəddə və Qarabağda atəşkəsi mütəmadi pozurlar. Bütün bunlar Ermənistanın sülh sazişindən imtina etməsi deməkdir.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən hadisələr Ermənistanın qəsdən vəziyyəti gərginləşdirmək üçün atdığı ilk addımlar deyildir. Soçidə keçirilən görüşün mütləq əhəmiyyəti olacaq. Proseslərin hansı istiqamətdə gedəcəyini demək çətindir. Liderlərin təkbətək görüşündən sonra, geniştərkibli görüşün keçiriləcəyi bildirilib. Ədalətli qərardan söhbət gedirsə, ədalət Azərbaycan tərəfindədir və ümid edirik,  xeyrimizə olacaq.

- Regionda yaradılan gərginliklə yanaşı, bu günlərdə Londonda Azərbaycan Səfirliyinə qarşı radikal dini qrupların hücumunun arxasında hansı maraqlı güclər dayanıb və məqsədləri nədir? Bu cür əks-təsirlər nəyə hesablanır?

- Bildiyimiz kimi, bununla bağlı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıqlarının Azərbaycan Səfirliyindəki müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb, vəkil baş vermiş hadisə ilə bağlı narahatlıq duyduğunu dilə gətirib. Bu narahatlıq baş vermiş hadisəyə əngəl deyildir. Hər bir ölkə həmin ölkədə yerləşən səfirliklərin təhlükəsizliyini təmin etməyə borcludur.

Baş vermiş hadisə hər iki ölkənin – həm Böyük Britaniya, həm də Azərbaycan dostluğu, birlik və münasibətlərində şübhə duyğusu yarada bilər.

Türkiyənin xarici işlər işlər naziri Mövlud Çavuşoğlu qardaş ölkəmiz Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edərək, Azərbaycanın yanında olduğunu dilə gətirdi. Biz də Türkiyədə öz mətbuat orqanlarımız olan www.sonnoktahaner.com və www.koridorgazetesi.com xəbər portallarımızda bu hadisəyə öz sərt mövqeyimizi bildirdik. Daha həssas tərəf isə Bayrağımıza edilən hörmətsizlik oldu. Bayrağımız deyirəm, çünki Azərbaycanın Bayrağı demək, Türkiyənin Bayrağı deməkdir, Türkiyənin Bayrağı demək də Azərbaycan Bayrağı deməkdir. Kimliyindən və vəzifəsindən asılı olmayaraq, bayrağa pis mənada əl uzatmaq istəyən hər kəsin əli qırılmalıdır ki, bu, digərlərinə də ibrət olsun. Şəhidlərimizin qanları bahasına qorunan Bayrağa hər kəs xüsusi hörmət etməlidir.

Bu, istək məsələsi deyil, bu borcdur. Bu hadisəni şiddətlə qınayırıq və Bayrağa əl uzadanların cəzalandırılmasını tələb edirik.

- Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında, tanınmasında Türkiyə ilə birlikdə aparılan informasiya təbliğatımız nə dərəcədə təsirə malikdir? Azərbaycanla bağlı dünya güclərinin, təşkilatlarının hazırkı münasibəti nədir?

- Təbiidir ki, dünya güclərinin və təşkilatlarının Azərbaycana hazırda olan maraq və münasibətləri əvvəlki dövrlərlə müqayisədə kəskin şəkildə fərqlənir. Azərbaycan Vətən müharibəsi zamanı regionda ədaləti bərpa etməklə yanaşı, 30 il işğal altında olan torpaqlarını almaqla dünyaya öz gücünü layiqincə göstərməyi bacardı. Dünya dövlətləri bu gücü görməmələri üçün kor olmalı idilər. Bundan əlavə Azərbaycan prezidenti cənab İlham Əliyevlə keçirilən beynəlxalq əhəmiyyətli görüşlər, səfərlər, beynəlxalq konfranslar, simpoziumlar Azərbaycana olan diqqət və marağın ən bariz göstəricilərindəndir. Bu gün Azərbaycana səfər edən müxtəlif dünya ölkələri rəhbərləri, beynəlxalq təşkilatın liderləri Azərbaycanda maraqlı olduqlarını dilə gətirib və regionda Azərbaycanın olduqca əhəmiyyətli yeri olduğunu dəfələrlə vurğulayıblar. Türkiyə ilə münasibətlərə gəlincə, biz çətin zamanlarda sınaqlardan keçmiş qardaş ölkəyik. Bu birlik dünyaya bir nümunədir desək, yalan olmaz. Bizə düşən Azərbaycan və Türkiyə vətəndaşları olaraq, istər siyasi şəkildə, istər sosial, təhsil ya da media yolu ilə bu dostluğun dəyərini qorumaq və gələcək nəsillərə çatdırmaqdır.

- Məlumdur ki, 30 il torpaqlarımız erməni işğalında qaldı. Torpaqlarımıza, insanlarımıza qarşı soyqırımı törətdilər. Bu gün qeyri-maddi irsin qoruyucusu olan YUNESKO kimi beynəlxalq qurumlar Azərbaycanın dağıdılmış şəhər və kəndlərində abidələrin, tarixi irsimizin ermənilər tərəfindən necə məhv edildiyini öyrənmək üçün Azərbaycanın çağırışlarına səs vermirsə, bu nəyi ifadə edir? Yaxud, dünya Azərbaycana dəyən zərərin ödənilməsi üçün nə edir?

- Qarabağ işğaldan azad edildikdən sonra, orada olan tarixi və mədəniyyət nümunələrinə, dini abidələrə qarşı ermənilərin etdiyi vandalizm dünyaya göstərilsə də, dünya ölkələri buna qarşı laqeydliyini hələ də davam etdirir. Buna qarşılıq Azərbaycanın paytaxtı Bakıda yerləşən erməni kilsəsinin qorunmasını nümunə göstərə bilərik. Azərbaycan da intiqam üçün o kilsəyə zərər vura bilərdi. Mədəniyyətə dəyər verən ölkə kimi Azərbaycan bu addımı atmadı. Elə bir vandalizm məhz erməniyə yaraşardı. Ağacları kəsmək, evlərin qapı pəncərəsini çıxarıb aparmaq, məsciddə donuz otarmaq və s.

Düşmən də olsan düşməm bildiyin ölkənin mədəniyyətinə, dininə hörmət etməyi bacarmaq özü də bir mədəniyyətdir. Əgər bir çox dünya ölkələri Azərbaycanın işğal olunmuş ərazilərindəki abidələrə qarşı olan erməni vandalizminə qarşı hələ də susursa, deməli, bununla bağlı daha çox siyasi mübarizə aparmalı, səsimizi və sözümüzü daha da yüksəltməliyik.

-Türkiyənin Ermənistanla sərhədini açması üçün hansı şərtlər ödənilməlidir? Niyə Ermənistan türklərlə barışığa, sülhə gəlmir və indiki vəziyyətdə Ermənistan danışıqlardan qaçarsa, onu regionda nə gözləyə bilər?

- Böyük ehtimalla, Türkiyə mediasında bu günlərdə Türkiyə və Ermənistan arasında sərhədlərin açılması barədə olan yalnış xəbərlərdən məlumatınız var. Əslində, sərhədlər hər iki ölkədə üçüncü ölkə vətəndaşları üçün açılıb, yəni hələ də Ermənistanla Türkiyə arasında sərhəd bağlıdır. Bizim Ermənistan tərəfi ilə sərhədlərimizin açılması Azərbaycanın Ermənistana qarşı olan tələblərin qəbul edilməsinə bağlıdır. Cümhur rəhbəri Rəcəb Tayyib Ərdoğan bunu dəfələrlə qeyd edib. Tələblərə gəlincə, rəsmi Bakı Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması, qoşunlarını Qarabağdan çıxarması, eləcə də Laçın və Zəngəzur dəhlizi məsələsinin həllinə çalışılmasıdır. Yəni Azərbaycanın bu tələbləri yerinə yetirildikdən sonra, Türkiyə Ermənistanla sərhədləri açacaq. Ermənistanın danışıqlardan qaçmasına gəlincə, bu, heç də Ermənistanın xeyrinə olmaz. Regionda Ermənistanı nəyin gözləyəcəyinə cavab kimi bunu zaman göstərəcək. Ümid edirik, şərtlər can Azərbaycanın, həm də Türkiyənin xeyrinə xidmət edəcək.

Oxunma sayı 192