Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin neft və təbii qaz hasilatında gündəlik hasilat rekordları qırdığını açıqlayıb. Bayraktarın məlumatına görə, avqustun 15-də təbii qaz hasilatında, 17-də isə neft hasilatında rekord qırılıb.
Hafta.az-ın yazdığına görə, Türkiyə Qara dənizdə kəşf etdiyi təbii qaz ehtiyatlarından hasilatını hər gün artırır. Sakarya Qaz yatağından hasil edilən təbii qazın miqdarı avqustun 15-də gündəlik 7 milyon 609 min 427 kubmetrə çatıb. Hər keçən ay həcmin daha da artırılması hədəflənir.
Türkiyə Neft Anonim Şirkəti də neft hasilatını artırır. Başda Qabar olmaqla bir çox məntəqələrdə hasil edilən neftin miqdarı rekord həddə çatıb. TPAO-nun gündəlik neft hasilatı avqustun 17-də 107621 barrelə yüksəlib.
Sosial media hesabından qeydlərlə bağlı məlumat paylaşan Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar “Milli Enerji və Mədən Siyasətimiz çərçivəsində biz öz gəmilərimiz, öz mühəndislərimiz və öz imkanlarımızla enerji sahəsində xarici asılılığa son qoymaq üçün böyük əzmlə irəliləyirik” deyib.