“İzvestiya” qəzeti Türkiyə, Azərbaycan və Belarusdan xüsusi olaraq gətirilən yumurtaların Rusiya bazarlarına çatmadığını yazıb. Qəzetə danışan Rusiya Qida İstehsalçıları Birliyinin səlahiyyətliləri, ilin əvvəlindən bu yana idxal edilən 78 milyon yumurtanın, əsasən, xəmir məhsulları kimi sektorlarda istifadə olunmaq üçün emala göndərildiyini bildirib.
Hafta.az-ın yazdığına görə, birlik rəsmiləri və pərakəndə satış şəbəkəsi nümayəndələri xaricdən gətirilən yumurtanın qiymət sabitliyinə ciddi töhfə vermədiyini bildiriblər.
Mütəxəssislər pərakəndə satış şəbəkələrinin xarici tədarükçülərlə uzunmüddətli müqavilə bağlamasının sərfəli olmadığını, ona görə də xaricdən gətirilən yumurtaların mağaza rəflərində yer tapa bilməyəcəyini bildiriblər.
Qəzet yazır ki, ilin əvvəlindən Belarusdan 69 milyon, Türkiyədən 5,6 milyon, Azərbaycandan isə 4,2 milyon ədəd yumurta alınıb. Rusiyanın 2023-cü ildə istehsal edəcəyi yumurta sayı 38,1 milyard ədəddir.
Rusiya yumurtanın bahalaşmasının qarşısını almaq üçün Türkiyə də daxil olmaqla bir sıra ölkələrdən yumurta idxalına icazə vermişdi.