Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi “Bayraktar Kızılelma”nın ilk uçuşu uğurla baş tutub.
Hafta.az xəbər verir ki, bu haqda "Baykar" şirkətindən bildirilib.
Qeyd olunub ki, Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində lazımi uçuş öncəsi sınaqları tamamlandıqdan sonra saat yerli vaxtla 14:59-da havaya qalxan "Bayraktar Kızılelma" ilk uçuşunu saat 15.17-də müvəffəqiyyətlə tamamlayıb və yerə enib:
"Kızılelma"nın 18 dəqiqə davam edən ilk uçuşu Türkiyə aviasiya tarixində yeni bir dövrün pərdəsini açıb. Baykarın 100% öz kapitalı ilə yola çıxardığı "Bayraktar Kızılelma" layihəsi 2021-ci ildə başlayıb. 14 Noyabr 2022-ci ildə istehsal xəttindən çıxan TC-ÖZB quyruq nömrəsi ilə Bayraktar KIZILELMA, Çorludakı AKINCI Uçuş Tədris və Test Mərkəzinə köçürülüb. 1 ay davam edən sınaqlardan sonra layihənin başlanmasından bu yana təxminən 1 il rekord müddətdə ilk uçuş həyata keçirilib".