ABŞ-ın tanınmış qəzetlərindən olan “Wall Street Journal” NATO-nun Rusiya ilə mümkün müharibəyə hazırlaşarkən, daxili problemlərlə də mübarizə apardığını yazıb.
Hafta.az-ın yazdığına görə, xəbərdə 2014-cü ildə Moskvanın Krımı ilhaq etməsindən sonra “NATO Avropanın Rusiya sərhəddində göz dikib” ifadəsi işlədilib.
Təhlildə NATO-nun fevral ayında Latviyada başladığı “Sarsılmaz Müdafiəçi 24” təlimi ilə Moskva rəhbərliyinə “İttifaqın Rusiya sərhədindəki üzv ölkələri hər cür təhlükədən qorumağa hazır olduğu” mesajını verdiyi qiymətləndirilib.
Bütün NATO üzvlərinin iştirak etdiyi təlimlər mayın sonuna qədər mərhələli şəkildə davam edəcək.
NATO-nun “Soyuq Müharibə”dən sonrakı ən böyük hərbi təlimi olan “Sarsılmaz Müdafiəçi 24”də ümumilikdə 90 minə yaxın əsgər, 1100 zirehli texnika, 80 döyüş təyyarəsi və 50 döyüş gəmisi iştirak edəcək.
Xəbərdə NATO-nun Finlandiya və İsveçin iştirakı ilə gücləndiyi bildirilərkən, ittifaqın xüsusilə Ukraynanın birliyə daxil olması və hərbi xərclərin artırılması kimi məsələlərdə fikir ayrılığı ilə mübarizə apardığı yazılıb.
Bundan əlavə, təhdidlərə yanaşma baxımından üzv ölkələr arasında köklü fikir ayrılıqlarının olduğu bildirilərkən, Türkiyə ilə bağlı aşağıdakı qiymətləndirmə də paylaşılıb: "NATO terroru və Rusiyanı əsas təhdidlər arasında görür. Türkiyədə bir çox rəsmilər və Aralıq dənizi sahilindəki digər üzv ölkələr Rusiyaya qarşıdır".
Yazılıb ki, NATO yaxın gələcəkdə Rusiyanın öz sərhədində yerləşən ölkələri işğal etməsini mümkün görmür, lakin Moskvanın bir neçə il ərzində belə bir addım atmaq üçün hərbi potensiala çatacağından narahatdır.
İddia olunurdu ki, Rusiya qısa müddətdə Ukraynanın Donetsk və Luqansk vilayətlərində olduğu kimi qonşu ölkələrdə vətəndaş iğtişaşları yarada və orada da münaqişələrə səbəb ola bilər.
CNN-in aprelin 13-də verdiyi hesabatda Rusiyanın hərbi potensialını artırdığına diqqət çəkilib. Kimliklərinin paylaşılmasını istəməyən Amerika rəsmiləri Rusiyanın Sovet dövründən bu yana ən böyük hərbi ekspansiyaya məruz qaldığını və Çinin buna dəstək verdiyini iddia edirdilər.
Digər tərəfdən, son vaxtlar bir çox Avropa ölkələri Rusiyaya qarşı mümkün müharibəyə hazırlığa çağırıblar. Rumıniya Baş Qərargah rəisi Georgita Vlad fevral ayında verdiyi açıqlamada "Rusiya dünya nizamı üçün təhlükəyə çevrilib" demişdi.
NATO Hərbi Komitəsinin sədri admiral Rob Bauer də yanvarın 16-da verdiyi açıqlamada 20 il ərzində Rusiya ilə genişmiqyaslı müharibənin ola biləcəyini iddia edib.
Eynilə Almaniyanın müdafiə naziri Boris Pistorius da həmin ay verdiyi açıqlamada Rusiyanın 5-8 il ərzində NATO ölkələrinə qarşı hərtərəfli əməliyyatlara başlayacağını proqnozlaşdırdıqlarını açıqlamışdı.