Türkiyənin daşınmaz əmlak bazarında Rusiya vətəndaşları xarici alıcılar arasında liderlik etməkdə davam edir.
Hafta.az-ın Türkiyə Statistika Qurumunun (TÜİK) məlumatına istinadən yazdığına görə, 2024-cü ilin iyul ayının sonuna qədər ruslar Türkiyədə 485 ev alıb. Bu, rusların 2022-ci ilin aprelindən bəri ardıcıl 28 ay ərzində Türkiyədə ən çox mənzil alan xarici qrup titulunu qoruduğunu göstərir.
İyulda ruslardan sonra Türkiyədə ən çox ev alan Ukraynalılardır - 171 ev.
Almanlar 162 daşınmaz əmlak almaqla üçüncü yeri tutsa da, ilk beşlikdə İran (151 ev) və Qazaxıstan (122 ev) vətəndaşları da var.
2024-cü ilin iyul ayında əcnəbilər Türkiyədə ümumilikdə 2350 ev alıb. Bu rəqəm 2023-cü ilin iyul ayında 2801 ev satışı ilə müqayisədə 16,1 faiz azalma göstərir.
Əcnəbilərə satışın ümumi mənzil əməliyyatı həcmində payı 1,8 faiz olub.
Mütəxəssislər xarici alıcıların türk daşınmaz əmlakına marağının getdikcə azalmasını türk lirəsindəki inflyasiya, yaşayış icazəsi almaq üçün tələb olunan minimum investisiya məbləğinin 70 min dollardan 200 min dollara yüksəlməsi və qısamüddətli kirayələrə gətirilən yeni tənzimləmələrlə əlaqələndirirlər. Bu amillər əcnəbilərin Türkiyədə daşınmaz əmlak investisiyalarına olan tələbinə mənfi təsir göstərir.