Türkiyədə prezident və 28-ci çağırış parlament seçkilərində səsvermə başa çatıb.
Hafta.az xəbər verir ki, Türkiyə ərazisindəki məntəqələrdə 60 milyon 697 min 843 seçicinin səs vermək hüququ olub. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları öz seçimini aprelin 27-dən mayın 9-dək edib. Son məlumata görə, ölkə xaricində qeydə alınan 3,4 milyon seçicinin 1 milyon 817 min nəfəri (53 faiz) səs verib.
Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar.
Mayın 14-də, həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.