Türkiyədə aşağı faiz siyasətinin yaratdığı iqtisadi problemləri araşdıran Rusiya Mərkəzi Bankı ölkədə belə bir siyasətin həyata keçirilməsinin mümkün nəticələri barədə xəbərdarlıq edib. Hökumət qəzeti “Rossiyskaya qazeta”nın xəbərində xüsusilə yüksək inflyasiyanın olduğu dövrlərdə faiz dərəcələrinin qəfil azalmasının ölkə iqtisadiyyatına ciddi mənfi təsirləri ola biləcəyi vurğulanır.
Hafta.az-ın yazdığına görə, Mərkəzi Bankın rəsmisi Aleksey Zabotkin bildirib ki, faiz dərəcələrinin aşağı salınması inflyasiyanın sürətlə artmasına səbəb ola bilər. Qəzet yazır ki, Türkiyədə bu siyasətin həyata keçirilməsi nəticəsində inflyasiya 2020-ci ildə 15 faiz, 2021-ci ildə 36, 2022-ci ildə 64 faizə yüksəlib.
Zabotkinin fikrincə, Türkiyədəki bu iqtisadi vəziyyət Rusiyada da analoji siyasət aparılarsa, vətəndaşların əmanətlərini geri çəkərək istehlak və kredit tələblərini artıra biləcəyinə dair xəbərdarlıqdır ki, bu da inflyasiyanı daha da gücləndirəcək.
Rusiya Mərkəzi Bankının rəsmisi belə bir siyasətin milli valyutaya inamı sarsıtmaqla iqtisadi sabitliyi təhdid edə biləcəyini bəyan edib. O, həmçinin bildirib ki, iş dünyası bu prosesdə xammal ehtiyatlarını sürətlə artıra bilər və bu, mal və xidmətlərin qiymətlərini sürətlə artıra bilər.