Türkiyənin Rusiya ilə ticarəti sanksiyalara görə “dayanmaqda” davam edir.
Hafta.az-ın “Bloomberg”ə istinadən yazdığına görə, Türkiyə Maşın və Ehtiyat hissələri İxracatçıları Birliyinin sədri Kutlu Karavəlioğlu, "qeyri-müəyyən və sürətlə genişlənən sanksiyalara görə" bu il satışlarda 1 milyard dollar azalma gözlədiklərini söyləyib.
Karavəlioğlu bu məbləğin türk maşın istehsalçılarının keçən il Rusiyaya ixracatının üçdə birinə uyğun olduğuna diqqət çəkir. İxracatçılar assosiasiyasının prezidenti bildirib ki, ən çox azalma dəzgahlar, nasoslar və elektrik mühərrikləri kimi məhsullarda müşahidə olunub.
Karavəlioğlu onu da bildirir ki, bank sistemi və tədarük zəncirlərinə təzyiqin artdığı bir mühitdə türk ixracatçılarının Rusiya bazarına əvvəlki maraqlarını davam etdirməsi mümkün görünmür.
Agentlik yazır ki, bu, türk şirkətləri üçün pis xəbərdir, lakin ABŞ və Aİ sanksiyalarının artan effektivliyinə işarə edir.
“Reed Smith”dən Tan Albayrak da bildirib ki, Qərb tənzimləyici qurumları Rusiyada metal, mədənçıxarma, tikinti, aviasiya və istehsal sektorlarını daim artan maraqla yoxlayır.