Türkiyənin Azərbaycana dəstəyi güc balansını ciddi şəkildə dəyişdirdi - Müzakirə

13:33 12.11.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Noyabrın 9-dan 10-na keçən gecə Qarabağda müharibənin başa çatması haqda bağlanan saziş əksərən alqışlansa da, amma əks fikirlər söyləyənlər də az deyil. Bütün hallarda Rusiya ordusunun sülhməramlı adı altında Azərbaycan torpaqlarına yerləşməsi narahatlıq yaradır və Türkiyə ordusunun da həmin sülhyaratma missiyasında eyni sayda iştirak etməsinin vacibliyi qeyd edilir.

Türkiyədən olan bir neçə mütəxəssisin məsələylə bağlı fikirlərini oxuculara təqdim edirik.  

Türkiyə Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki Mustafa Hacımustafaoğulları deyir ki, Ermənistan heç vaxt Azərbaycan torpaqlarına hücum etməzdi, əgər Rusiya və Avropadan ciddi dəstək almasaydılar. “Türkiyənin Azərbaycana verdiyi əvəzsiz dəstək güc balansını ciddi şəkildə dəyişdirdi. Azərbaycanda hökumət daxildə də böyük dəstək tapdı və hətta bir çox qüvvələr əlkədə fikirləri qarışdırmaq üçün təbliğat aparmaqdaydı, amma istədikləri nəticəni ala bilmədilər. Dünənədək Azərbaycana bircə helikopter verə bilməyən Türkiyə bu gün çox böyük və hərtərəfli dəstək verdi. Son sözü deyən azərbaycanın qəhrəman ordusu isə işğala başa çatdırdı və öz torpaqlarını azadlığına qovuşdurdu”, - deyən polkovnikə görə, bütün hallarda Qafqazda balans türk dünyasının lehinə dəyişib. “Hər halda, 30 illik işğal dramı sona çatdı. Xüsusilə Azərbaycan, ümumilikdə isə türk dünyası üçün olduqca xeyirli nəticələr var, imperiaların xəyalları isə qursaqlarında qaldı”, - deyir M.Hacımustafaoğulları.

Topçu birliyinin keçmiş komandirlərindən, istefada olan polkovnik-leytenat. Hərbi analist Halil Mərt də bu fikirdədir ki, Türkiyənin ilk başdan sonunadək Azərbaycanın yanında olması, onu imperialist qüvvələrin təzyiq və təxribatlarından qoruması öz bəhrəsini verdi. “Türkiyə ilk başda vurğuladı ki, lazım gəlsə birbaşa müharibəyə müdaxilə edəcək. Bu da öz növbəsində qarşı tərəfə ciddi psixoloji təsirini göstərdi. Bizim, Azərbaycana verdiyimiz dəstəkdən narahat olan düşmən cəbhəsinin bütün səylərinə rəğmən uğur qazandıq. Azərbaycanın müzəffər ordusu da qısa vaxt ərzində böyük zəfərin yolunu açdı, torpaqlarını azadlığına qovuşdurdu” deyən H.Mərtə görə, Ermənistan ordusunun Azərbaycan torpaqlarının işğalına başladığı ilk illərdə kömək göstərə bilməmələri indi də türk millətini üzməkdədir. Amma bu gün vəziyyət tamam başqadır. Hazırda türkiyə Azərbaycana nəinki helikopter verir, hətta pilotların təlim keçməsinə də kömək edir. “Rusiya əvvəldən bilirdi ki. Türkiyə azərbaycanın yanındadırsa, dəstəyi bütün bütün sahələrdə reallaşacaq”, - deyib H.Mərt.

Kadir Has Universitetinin professor Mitat Çelikpalanın fikrincə, hazırkı proses Azərbaycanın ərazi bütövlüyü tam təmin edəcək görüşlərlə başa çatacaq. “Hesab edirəm ki, gələcəkdə Qarabağ Azərbaycanın daxilində hansısa formada muxtariyyət ala bilər. Əslində, Şuşa işğaldan azad edilən kimi Rusiya müharibənin dayandırılmasına səy göstərdi və bu da nəticəsi. Ermənistan təslim olmasaydı, Azərbaycan ordusu daha da irəliləyəcəkdi və Xankəndi şəhərinə daxil olacaqdı. Bu da Qarabağın tamamilə Azərbaycanın nəzarətinə keçməsi demək olardı. Bu müstəvidə yanaşanda bəlli olur ki, Paşinyanın müharibəni dayandırdığını deməsi və ardıyla da Rusiyanın məsələyə müdaxilə etməsi, bir neçə saat ərzində ordusunu bölgəyə yerləşdirməsi hazır ssenari əsasında baş verib” deyən professor Çelikpalaya görə, Ermənistanın Qarabağı azərbaycanın bir parçası olaraq tanıması gözləniləndir və buna məcbur qalacaq.

Professor qeyd edir ki, indiyədək türkiyə qarabağda status-kvonu dəyişməyə, Rusiya isə əksinə, qorumağa çalışıb. Bu gün həmin status-kvo yoxdur, Rusiyanın istəyi puç oldu. “Hesab edirəm ki, artıq Rusiyanın Qafqazdakı mövqeyi xeyli dəyişib. Türkiyə burada təyinedici aktyora çevrilib. Amma bu necə davam edəcək, bu diplomatik danışıqlardan asılı olacaq. Ankaranın burada necə davranacağı çox önəmlidir ki, proseslər Suriya və Liviyadakına vəziyyətə aparıb çıxarmasın”, - deyir M.Çelikpala.

Təqaüddə olan diplomat, keçmiş səfir Faruk Loğoğlu isə bu qənaətdədir ki, noyabrın 10-da imzalanmış sənəd heç də bölgəyə qəti sülh gətirmiş sayılmamalıdır. Çünki Ermənistandan sonra Azərbaycan torpaqlarında Rusiya ordusu ən azı beş il qalacaq. “Rusiyanın atdığı bu addımla məsələ havadan asılmış qaldı.Yəni ruslar bunu edərkən bir əli Ermənistanın, o biri əli Azərbaycanda olmuş oldu. Mən həmişə bu fikirdə olmuşam ki, Ermənistan tamamilə Moskvanın nəzarətindədir, Azərbaycan müəyyən mənada Rusiyanın təsiri altındadır və bundan sonra Moskvanın Azərbaycana basqıları daha da artacaq. Azərbaycanın qazancı böyükdür, ancaq son hədəflərinə hələlik çatmayıb”, - deyir keçmiş səfir.

İstefada olan general Ali Ər də təəssüflə deyir ki, işğal altındakı bütün torpaqlar Azərbaycanın nəzarətinə keçməyib. Ancaq Azərbaycan siyasi hədəflərinə çatmasına yardım edəcək hərbi uğurlar qazanıb. “Rusiya bölgə üzərində təsirini sıfıra endirmədən Azərbaycanı dayandırdı. Hesab edirəm ki, sülhməramlı qismində yalnız rus əsgərlərinin iştirak etməsi razılığın ən çatışmaz tərəfidir. Yəni rus əsgərinin Qarabağa gəlməsini qəbul edən Azərbaycan, öz torpaqlarında Rusiyanın hərbi varlığının bərqərar olması ilə razılaşdı. Sülhməramlı qüvvələrdə türk əsgərləri də iştirak etməliydi, amma bu olmadı. Türkiyənin qərargahda təmsil olunması isə. Sadəcə türk tərəfin könlünü almaqdan başqa bir şey deyil”, - deyir general Ali Ər.