Ukrayna Baxmut yaxınlığında 20 kvadrat kilometr ərazi azad edib

18:33 16.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Müdafiə Qüvvələri bir neçə gün ərzində Baxmut ətrafının şimal və cənubunda təxminən 20 kvadrat kilometr ərazini rus işğalçılarından azad edib.

Bu barədə Müdafiə nazirinin müavini Anna Malyar Telegram-da məlumat verib. O vurğulayıb ki, hərbi əməliyyatların gedişi ilə bağlı məlumatlar bütün müdafiə əməliyyatları kompleksində nəzərə alınmalı və hadisələrin kontekstindən çıxarılmamalıdır.

“Məsələn, bir neçə gün ərzində qoşunlarımız Baxmut şəhərinin şimalında və cənubunda təxminən 20 kvadrat kilometr ərazini düşməndən azad etdilər.Eyni zamanda düşmən Baxmutun özündə bir qədər irəliləyir, artilleriya ilə şəhəri tamamilə darmadağın edir. Bundan əlavə, düşmən peşəkar desant bölmələrini də cəlb edir.Ağır döyüşlər müxtəlif nəticələrlə davam edir”, - nazir müavini bildirib.

Malyar vurğulayıb ki, indiki vəziyyətdə ukraynalı müdafiəçilər əllərindən gələni edirlər, hətta daha çox.

Onun sözlərinə görə, Baxmutun müdafiəsinin bu qədər aylarla davam etməsi, hətta müəyyən sahələrdə irəliləyişin olması Ukrayna Silahlı Qüvvələrinin böyük səyi və müdafiə komandanlığının yüksək peşəkarlığıdır.

"Xatırladıram ki, düşmənin insan sayı və silah-sursat baxımından üstünlüyü var. Eyni zamanda, hərbçilərimizin fəaliyyəti sayəsində ötən yaydan Baxmut istiqamətində planlarını həyata keçirə bilməyiblər", - Malyar deyib.