Ukrayna bu müharibədən qalib çıxacaq – Hərbi ekspert

19:36 25.02.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya qarşı fevralın 23-dən başlayan hərbi müdaxiləsi davam edir. Dünya ictimaiyyəti regionda hərbin dili ilə diqtə edən Rusiyanın soyuqqanlı davranışını və Ukraynanın bu təcavüzdən necə yaxa qurtaracağını analiz edir.

Tanınmış hərbi ekspert, "M5 Müdafiə və Strategiya" jurnalının  Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev  hafta.az-a şərhində bildirib ki, Rusiya bu dəfə ciddi bir bataqlığa girib. Hətta bu müharibənin sonu Rusiyanın parçalanması ilə də nəticələnə bilər. 

“Mövcud vəziyyətdə Rusiyanın üzləşdiyi sanksiyalar və bundan başqa, baxmayaraq ki, bir sıra Qərb dövlətləri “biz bu müharibəyə daxil ola bilmərik” desələr də, o cümlədən, NATO bu haqda bəyanat versə də, istənilən şəkildə onların bu prosesdə bir müdaxiləsi olacaq. Ona görə də görünən mövcud vəziyyət odur ki, Rusiya tamamilə təklənmiş vəziyyətdədir, indiki çətin durumdan daha da uçuruma doğru getmək üzrədir”.

R.İmamquliyev  bildirib ki, hazırda sahədə Ukraynanın təkbaşına döyüşməsi mənzərəsi görünsə də, görünməyən reallıqlar var.

“Amma görünənlə gerçək arasında hər bir zaman fərq olur. Düşünmürəm ki, Ukrayna bu müharibədə təkdir. O, yetərincə həm hərbi, həm də maddi və mənəvi dəstək almaqdadır. Ukrayna bu müharibədən yenilmiş kimi görsənsə belə, qalib kimi çıxacaq.

Ukraynanın bu müharibədən mübariz olaraq çıxması dünyada gözlənilən dəyişikliklər adına mühümdür. Daxildə gedən prosesləri diqqətlə analiz etmək lazımdır. Müqəddəratı sadəcə döyüşən ordular həll etmir. Zelenskinin ətrafında yetərincə satılmışlar var. Belə olan halda ölkəni içdən və xaricdən sarmış düşmənlərlə başa çıxmaq lazımdır. Bu vəziyyətdən bütün postsovet dövlətlər dərs çıxarmalıdırlar. Hər birində hələ də yetərincə rusa qibtə edən qul təfəkkürlü yüksək çinli məmurlar var”.