Ukraynanın şərqindəki “Xortitsa” əməliyyat-strateji qrupu(ƏSQ) müdafiə əməliyyatını davam etdirir və həmin əməliyyat çərçivəsində Donetsk vilayətinin Baxmut şəhəri ətrafında bir neçə istiqamətdə hücum əməliyyatları aparır.
Hafta.az “GORDON” nəşrinə istinadla xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının və "Xortitsa" ƏSQ-nin komandanı Aleksandr Sırski iyulun 20-də dərc olunan "BBC News Ukraina"ya müsahibəsində belə deyib.
General bildirib ki, Ukrayna Müdafiə Qüvvələri işğalçıların canlı qüvvə və resurslar baxımından üstünlüyü şəraitində öz əməliyyatlarını diqqətlə planlaşdırır, buna görə də uğur qazana bilirlər və hazırda irəli gedirlər.
Sırski qeyd edib ki, Ukrayna qüvvələri hər gün 500 m-dən 1 km-ə qədər məsafədə irəliləyir.
"Biz əsasən manevr, cinahlara zərbələr, yan keçid, əhatə etməklə və düşmənin arxasına çıxmaq yolu ilə uğur qazanırıq”, - deyə komandir izah edib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri kifayət qədər məhdud ərazilərdə qüvvə və vasitələrdə ayrıca üstünlük yaradaraq, ayrı-ayrı istiqamətlərdə hücuma keçir.
Sırski izah edib ki, vəziyyət düşmənin əməliyyat təşəbbüsünü ələ keçirməsinin qarşısını almaq üçün hücuma keçmək zərurətini diktə edir. Bundan əlavə, komandir “yalnız müdafiə olunmaqla qələbəyə nail olmaq mümkün deyil” qənaətindədir.
"Belə ki, Xarkov vilayətinin Kupyansk şəhərindən, Donetsk vilayətinin Liman şəhərinə və Baxmut ətrafında bir sıra istiqamətlərdə Ukrayna qoşunları müdafiə əməliyyatları aparır. Bununla belə, hazırda Ukrayna Silahlı Qüvvələri taktiki mövqeyi yaxşılaşdırmaq və Baxmutu cinahlardan mühafizə etmək üçün aktiv hücum əməliyyatlarına keçib”, - deyə Sırski əlavə edib.