Ukrayna və ABŞ komandanlıqları danışıqlar aparıb

18:56 10.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna və ABŞ hərbi-siyasi rəhbərliyinin nümayəndələri cəbhədəki vəziyyət və müdafiə sahəsində əməkdaşlığa dair danışıqlar aparıblar. Bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak öz Telegram-kanalında məlumat verib.

Yermak bildirib ki, görüş Ukrayna lideri Vladimir Zelenskinin adından videokonfrans formatında keçirilib.

Ukraynadan Andrey Yermak, onun müavini Roman Maşovets, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı, müdafiə naziri Aleksiy Reznikov, Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov və başqaları iştirak ediblər. Danışıqlarda ABŞ-dan milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, ABŞ-ın müdafiə naziri Lloyd Ostin və ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli iştirak edib, Ukrayna prezidentinin ofisinin rəhbəri bildirib.

Onun sözlərinə görə, Zalujnı Amerika tərəfini cəbhədəki mövcud vəziyyət barədə məlumatlandırıb, Ukrayna Silahlı Qüvvələrinin mühüm ərazilərdə hücum hərəkətlərinə, eləcə də müdafiə qüvvələrinin əsas ehtiyaclarına və müdafiənin gücləndirilməsinin zəruriliyinə xüsusi diqqət yetirib.

O əlavə edib ki, Amerika tərəfinin nümayəndələri ABŞ-ın Ukraynaya dəstəyinin lazım olduğu qədər davam edəcəyinə inandırıblar.