Ukraynaya qarşı müharibədə Rusiyanı müdafiə edən 10 ÖLKƏ

13:30 01.03.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya ordusu Ukrayna ərazisinə hərbi hücum edəndən sonra dünya ölkələri birmənalı şəkildə Ukraynanın müdafiə olunma haqqını tanımasına və ona müxtəlif formalarda dəstək verməsinə baxmayaraq, barmaqla sayılacaq ölkələrdə oldu ki. açıq və ya dolayıyla işğalçının tərəfində durdular. Bu ölkələr hansılardır, siyahıya baxaq:

Belarus:

İşğal prosesindən az öncə ruslarla birlikdə hərbi təlim keçirən, öz ərazilərini hərbi əməliyyatlarda istifadə etmək üçün Rusiya ordusunun ixtiyarına verən rəsmi Minsk bu müharibədə açıq şəkildə Moskvanın yanındadır. Artıq özü də silahlı qüvvələri ilə birbaşa hücumda iştirak edən Belarus, həm də ruslar üçün əsas hərbi düşərgə rolunu oynamaqdadır. 

Kuba:

Mərkəzi Amerika ölkəsi olan Kuba da işğalın ilk günündən irticaçı Rusiyanın yanında olduğunu bəyanlayıb. Kubanın dövlət başçısı Miguel Diaz-Canel özü şəxsən, Vladimir Putinin Ukraynaya hücumlarına dəstək verdiyini dilə gətirib. 

Nikaraqua:

Rusiyanın Ukraynanı işğal etmək istəməsini alqışlayan ölkələrdən biri də başqa bir Mərkəzi Amerika ölkəsi Nikraquadır. Bu ölkənin prezidenti Daniel Ortega dövlət televiziyanda çıxış edərək, işğal prosesində Putinin yanında olduqlarını bildirmiş, "Məntiqi olaraq Donbas və Luqansk Xalq respublikalarına hərbi dəstək vermək lazımdır. Orada müharibə başlasa, heç kim qazanmayacaq" demişdi. 

Şimali Koreya:

Ukraynanı işğal edən Rusiyaya açıq dəstək verən Şimali Koreya bu problemin ana günahkarının ABŞ olduğunu elan etmişdi. Şimali Koreya Xarici İşlər Nazirliyinin internet səhifəsində verilən açıqlamada deyilir ki, bu prosesdə Rusiyanın "təhlükəsizliyinə istiqamətlənmiş hərəkətlər qorxuncdur və Moskvanın haqlı tələbləri nəzərə alınmalıdır" və "fəlakətin məsuliyyəti Vaşinqtonun üzərinə düşür".

Suriya:

Bu ölkənin rəhbəri Bəşər Əsəd ilk gündən Donbas və Luqansk separatçı rejimlərinin "müstəqilliyinin" tanınmasını vacib hesab etdiyini və bu yönümdə addım atacaqlarını demişdi. Suriyanın XİN başçısı Feysəl Mekdad, Moskvanın separatçı rejimləri tanımaq haqda qərarını tərifləyərək, bunu "dünyada sülhü təmin etməyə hesablanmış addım" adlandırmışdı. 

Dolayısı yolla işğala dəstək verən ölkələr

Çin:

Ukraynaya qarşı hücumlar başlayan ilk dəqiqədən Rusiyanın yanında olduğunu açıqlayan Çin hökuməti, baş verənlərə görə ABŞ və onun Qərbdəki müttəfiqlərini günahlandırıb. Hətta Çin, fevralın 26-da BMT TŞ-da keçirilən səsvermədə "Moskvanın Ukraynaya qarşı hücumları dərhal dayandırmaq və bütün əsgəri birliklərini ölkə ərazisindən çıxarmasına dair tələb"i əks etdirən qərarın səsverməsində bitərəf qalmışdı. 

Hindistan:

Rusiya ilə ABŞ arasında uzun müddətdir tərəfsiz siyasət yürüdən və Moskvaya yaxınlığı səbəbilə Vaşinqtonda zaman-zaman tənqid olunan Hindistan da fevralın 26-da BMT TŞ-da keçirilən səsvermə zamanı bitərəf qalaraq, əslində Çin kimi, Rusiyaya dəstək vermişdi. 

İran:

Tehranla Moskvanın yaxın əlaqələri uzun illərdir bəllidir. İranla Rusiya xarici siyasətdə bir çox məsələdə birlikdə hərəkət edir. Tehran hakimiyyəti Ukraynanın işğalı məsələsində birmənalı şəkildə tərəf sərgiləyən açıqlama verməsə də, prosesin məhz Qərbin yürütdüyü siyasət səbəbindən bu həddə gəldiyini iddia etməkdədir. 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ):

BƏƏ də fevralın 26-da BMT TŞ-ın səsverməsində bitərəf qalmaqla Rusiyanın işğal siyasətini qınamağa cürət etməyən ölkələrdən biridir. Vaşinqtonun Yaxın Şərqdəki ən iri ortaqlarından olan BƏƏ-nin bitərəf qalması təbii ki, Qərb tərəfindən qəzəblə qarşılanmaqdadır. Məsələ ondadır ki, müharibədən bir gün öncə BƏƏ və Rusiya XİN başçıları telefonda danışmışdılar. Tərəflər telefon danışığında iki ölkə arasında strateji dostluq əlaqələri ilə regional və beynəlxalq prosesləri müzakirə etmişdilər. Amma o da bəllidir ki, Əbu Dabi hökuməti Moskvanın Ukraynanı işğal siyasətinə hər hansı açıq dəstək ifadə etməyib. 

Pakistan:

Pakistanın Baş naziri İmran Xan bildirib ki, Rusiya-Ukrayna müharibəsində bitərəf qalmağa çalışacaqlar. O, əlavə edib ki, müharibədə tərəflərdən heç birini dəstəkləməmək Pakistan xalqının yararınadır. Onun sözlərinə görə, Rusiya ilə əlaqələri inkişaf etdirmək birmənalı şəkildə ölkəsinin iqtisadi inkişafına stimul verəcək. İmran Xan  qeyd edib ki, Rusiyadan buğda və təbii qaz idxal etməklə ölkəsinin bazarında bolluq yaradacaqlar. O, hətta deyib ki, təbii qaz və ildə 2 milyon ton buğda idxalı üçün Moskvaya səfər etməyi düşünür və Çin-Pakistan İqtisadi Dəhlizinin də tamamlanmasına bu səfərlər müsbət təsir göstərəcək.