Azərbaycanın Mərakeşdəki səfirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü keçirilib.
Hafta.az xəbər verir ki, Azərbaycan-Mərakeş Dostluq Cəmiyyətinin, bu ölkədə təhsil almış mərakeşli tələbələrin assosiasiyasının üzvlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin qatıldıqları tədbirdə əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkəmizin Mərakeşdəki səfiri Oqtay Qurbanov çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ömrünü doğma xalqına və Vətəninə, onun müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, respublikamızın tərəqqisinə və dünya birliyində özünə layiq yer tutmasına həsr etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinin hər bir azərbaycanlının qəlbində yaşadığını vurğulayıb. Səfir əbədiyaşar liderin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib, müasir tariximizin taleyüklü hadisələrlə dolu 30 ildən artıq dövrünün, ölkəmizin siyasi, iqtisadi və mədəni həyatının yenidən dirçəlişinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Azərbaycanın ərazi bütövlüyünün bərpasının, suverenliyinin və müstəqilliyinin möhkəmləndirilməsinin güclü ordu quruculuğunu şərtləndirdiyini vurğulayan diplomat bu mühüm məsələlərin Ümummilli Liderin dövlətçilik strategiyasının əsasını təşkil etdiyini, onun özünəməxsus müdriklik və uzaqgörənliklə səsləndirdiyi kəlamların, xüsusilə “Bir millət, iki dövlət” şüarının son günlərdə yaşadığımız şanlı tariximizin – Azərbaycanın müzəffər ordusunun Ermənistan üzərində parlaq Zəfərində mühüm amillərdən biri olduğunu deyib.
O.Qurbanov Azərbaycan-Mərakeş münasibətlərinə toxunaraq, İslam Əməkdaşlıq Təşkilatının 1994-cü ilin dekabrında Mərakeşin Kasablanka şəhərində keçirilən VII Zirvə toplantısı çərçivəsində ümummilli lider Heydər Əliyevin Mərakeşin mərhum Kralı II Həsən ilə görüşündə iki ölkə arasında dostluq əlaqələrinin təməlinin qoyulduğunu və inkişaf perspektivlərinin müəyyənləşdirildiyini vurğulayıb. Həmin dostluq münasibətlərinin bu gün iki ölkənin dövlət başçıları - Prezident İlham Əliyev və Kral VI Məhəmməd tərəfindən uğurla davam etdirildiyi, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı səmərəli əməkdaşlıq aparıldığı məmnunluqla qeyd olunub, iki ölkənin bir-birinin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstək göstərdiyi diqqətə çatdırılıb.
Səfir çıxışının sonunda bildirib ki, ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün bərpası olan ümummilli liderimiz Heydər Əliyevin ruhu bu gün şaddır. Çünki Ulu Öndərimizin layiqli siyasi varisi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Liderin qurucusu olduğu rəşadətli Azərbaycan Ordusu dahi şəxsiyyətin bu arzusunu, vəsiyyətini yerinə yetirdi.
Daha sonra Azərbaycan-Mərakeş Dostluq Cəmiyyətinin katibi M.Fəqiri, İbn Tufeyl Universitetinin müəllimi, gənc alim Feysal Davudi çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri, onun əsasını qoyduğu xarici siyasətin mühüm istiqamətini təşkil edən neft strategiyasının ölkəmizin iqtisadiyyatında və xalqımızın rifahının yüksəldilməsindəki rolunu qeyd ediblər.