UNİCEF-in Azərbaycandakı yeni nümayəndəsi rəsmən fəaliyyətə başladı

16:20 01.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dr. Saca Faruq Abdullah rəsmi olaraq UNICEF-in Azərbaycandakı Nümayəndəsi vəzifəsinin icrasına başlayıb.

Hafta.az-ın yazdığına görə, Dr. Abdullah təyinat məktubunu Azərbaycan Xarici işlər nazirinin müavini Yalçın Rəfiyevə təqdim edib.

“UNİCEF-in Azərbaycandakı Nümayəndəsi kimi vəzifəmin icrasına başlamaq, ölkədəki uşaqların daha yaxşı gələcəyinin yaradılmasına kömək etmək mənim üçün böyük şərəf və imtiyazdır”, - deyə Dr. Abdullah bildirib.

“Xüsusilə sağlamlıq, təhsil, uşaqların müdafiəsi və iqlim sahələrində uşaqlara dəstəyimizi  gücləndirmək üçün Azərbaycan hökuməti və tərəfdaşlarla birgə işləməyi səbirsizliklə gözləyirəm. Hökumətin COP29 konfransına hazırlaşdığı bir vaxtda, UNİCEF uşaqların və gənclərin bu mühüm iqlim tədbirinin diqqət mərkəzində yer almasını təmin etmək üçün texniki yardım göstərməyə hazırdır”, - deyə UNİCEF-in yeni təyin olunmuş nümayəndəsi vurğulayıb.

Görüş zamanı Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev UNİCEF-lə tərəfdaşlığı təqdir edib və  Azərbaycanda uşaq və gənclərin rifahının təşviqi naminə müxtəlif sektorlarda birgə əməkdaşlığın  davam edəcəyinə ümid etdiyini bildirib.

“Sizin Azərbaycana gəlişiniz ölkənin COP29 konfransına hazırlaşdığı tarixi bir məqama təsadüf edir. UNİCEF və onun fəaliyyət istiqamətləri diqqət yönəldiləcək sahələrdən biri olduğundan, xüsusilə uşaq və gənclərin iqlim sahəsində maarifləndirilməsi istiqamətində təşəbbüslərin və ya birgə tədbirlərin ərsəyə gətirilməsində əməkdaşlıq və tərəfdaşlıq etməkdən məmnun olarıq”, - deyə Xarici işlər nazirinin müavini bildirib.

Dr. Abdullah Beynəlxalq QHT-lər, BMT-nin agentlikləri və dövlət qurumlarında idarəetmə və  humanitar əlaqələndirmə, sağlamlıq və qidalanma və erkən uşaqlıq dövrünün inkişafı sahələrində 26 ildən artıq beynəlxalq təcrübəyə sahibdir.

Dr. Abdullah UNİCEF-in Türkiyədəki və Maldiv adalarındakı Nümayəndəliklərində, UNİCEF-in  İordaniyanın Amman şəhərindəki Orta Şərq və Şimali Afrika üzrə Regional Nümayəndəliyində, eləcə də Sudan və Yəməndəki nümayəndəliklərində çalışıb, idalanma və sağlamlıq proqramlarına  rəhbərlik edib. O, həmçinin, UNİCEF-in Banqladeşdəki Nümayəndəliyində fəaliyyət göstərərək, ölkə  ərazisindəki 6 sahə ofisinin fəaliyyətini əlaqələndirib. Bu Nümayəndəlikdəki fəaliyyətinin ardınca, Dr. Abdullah UNİCEF-in Azərbaycandakı Nümayəndəliyinə təyin edilib.

İraq vətəndaşı olan Dr. Abdullah Bağdad Universitetindən Ümumi Tibb və Cərrahiyyə üzrə bakalavr dərəcəsi, Malayziya Milli Universitetindən İcma Sağlamlığı Elmləri üzrə magistr dərəcəsi və Bəsrə  Universitetindən İctimai Səhiyyə üzrə diplomsonrası dərəcəyə malikdir.

Dr. Abdullahın rəhbərliyi altında, UNİCEF-in Azərbaycandakı Nümayəndəliyi ölkədə uşaq və gənclərə yönələn fəaliyyətlərini genişləndirmək əzmini qoruyub saxlayır. Hökumət və tərəfdaşlarımızla birlikdə,  UNICEF uşaq hüquqlarının təşviqi və bütün uşaqların ilkin səhiyyə, sosial müdafiə və keyfiyyətli təhsil  xidmətləri ilə əhatə olunması istiqamətində səylərini davam etdirəcək.