Universitetlərdə “buster doza” tələbi - SORĞU

11:44 03.03.2022 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Məlumdur ki, fevralın 15-dən etibarən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan, yaşı 18-dən yuxarı bütün şəxslərdən COVID-19-a qarşı “Peyvənd sertifikatı” və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən “Əks-göstəriş sertifikatı”nın olması tələb edilir. Eyni zamanda, tələbələr qarşısına 3-cü dozanı vurdurmaq tələbi də qoyulub.

Bu da o deməkdir ki, vaksin sertifikatı olmayan və 3-cü doza peyvənd etdirməyən tələbələr dərslərdə iştirak edə bilmirlər. Bəs ali təhsil ocaqlarında müvafiq səbəbdən dərslərə buraxılmayan tələbələr varmı?

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) mətbuat xidmətin katibi Elnarə Məmmədovanın hafta.az-a verdiyi məlumata görə, hazırda 175 tələbə COVID sertifikatı olmadığından, yaxud  koronavirusa yoluxduğundan universitetə buraxılmır:

“İkinci semestr başlayandan bəri universitetdə dərslər 3 gün əyani, 2 gün isə onlayn tədris olunur. Həmçinin işini onlayn təşkil edə bilən əməkdaşlar üçün də məsafədən işləmək icazəsi verilib. Universitetdə hibrid auditoriyaları yaradılıb. Koronavirusa yoluxanlar həmin auditoriyalardan tədrisə qoşula bilirlər. Busterdoza vurdurmayanlar tədris binasına buraxılmır. Hazırda 175 tələbə COVID sertifikatı olmadığından, yaxud  koronavirusa yoluxduğundan universitetə buraxılmır”.

Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova söylədi ki, 3-cü doza vaksinasiya ilə bağlı proses Nazirlər Kabinetinin qərarına uyğun aparılır. İkinci doza peyvəndinin vaxtından 6 ay keçmiş şəxslər 3-cü doza vaksinasiyasından keçir. Bununla bağlı universitetdə heç bir problem yoxdur:

“İstər tələbələr, istərsə də əməkdaşlar NK-nin qərarına uyğun olaraq bu prosesdə iştirak edirlər. Buna görə də hər hansı güzəşt nəzərdə tutulmur. COVID xəstəliyi keçirənlər isə immun sertifikatı ilə universitetə daxil olurlar. Dərslərdə davamiyyət normaldır”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibi Cavid  Hüseynov vaksin sertifikatı və pasportu ilə bağlı tədrisdə hər hansı çətinliyin yaranmadığını bildirdi:

“Heç bir dəyişiklik yoxdur. Universitetdə demək olar ki, hər kəs etibarlı vaksin pasportuna və ya əks-göstəriş sertifikatına sahibdir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov  qüvvətləndirici doza vaksinlə bağlı tələbələrin dərslərə davamiyyətində heç bir problemin olmadığını bildirdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) mətbuat katibi Şəhanə Müşfiq hazırda təhsil müəssisəsində tələbələrin dərsə davamiyyətinin 99% olduğunu bildirdi:

“Bu günə qədər 200 tələbəmiz 3-cü dozanı vurdurub. Tələbələr arasında busterdoza ilə peyvəndlənmə davam edir. Onların dərsə davamiyyəti isə faiz etibarilə 99%-dir. Həmçinin koronavirusa yoluxan tələbələrə onlayn dərsin təşkili nəzərdə tutulmuşdur”.