Universitetlərdə hamilə qadınlarla bağlı son durum - SORĞU

17:21 12.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

"Vaksinə görə bir hamilə qız tələbə təhsilindən imtina edib" - bu sözləri Milli Məclisin dünən keçirilən iclasında Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. Deputat onu da əlavə edib ki, peyvəndləmənin xüsusilə təhsil sahəsində aparılması çox mühümdür:

“Ana olma ehtimalı olan tələbə hamilə qadınlardan, tələbə analarından əks-göstəriş sertifikatı tələb olunur. Dünyada sübuta yetirilib ki, hamilə qadınların peyvənd olunması əks-göstəriş yaratmır, ancaq bizdə əks-göstəriş sertifikatı verirlər”.

Ana olmağa hazırlaşan qadınların vaksin olunub-olunmaması zərurəti bir məsələ, vaksin olmayan hamilələrin universitetlərdə qarşılaşdıqları problemlər ayrı bir məsələdir.  Əgər vaksinə görə tələbə təhsilindən imtina edibsə, görünür universitet onun qarşısına müəyyən maneələr çıxarıb. Hafta.az problemi araşdırmaq üçün bir neçə ali təhsil ocağına sorğu ünvanladı.

İlk cavab Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat xidmətinin rəhbəri Bəhruz Novruzovdan gəldi. Onun sözlərinə görə,  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində həm müəllim, həm inzibati əməkdaş, həm də tələbələr arasında hamilə xanımlar var. Xanımlardan heç biri universitetdə hər hansı problemlə üzləşmir:

“ İşçilərin demək olar ki hamısı analıq məzuniyyətindədir. Bundan başqa universitetdə onlayn və ənənəvi tədris formalarının ikisi də davam etdiyindən tələbə tədrisə məsafədən də qoşula bilir. Təbii ki, bu da vaksin olunmamış hamilə tələbələr üçün alternativ üsuldur. Hamilə xanımlar vaksinlə bağlı əks göstəriş sertifikatı təqdim edərək işlərinə və tədrislərinə davam edə bilirlər. Bizdə məsələ ilə bağlı heç bir problem yaşanmayıb”.

Növbəti müsahibimiz isə, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova oldu.

Elnarə xanım söylədi ki, Azərbaycan Dövlət İqtisad Universiteti hələ belə halla qarşılaşmayıb: “Olsa belə, həmin şəxslərin əks göstəriş sertifikatı olur. Bunun sayəsində də heç bir maneə ilə rastlaşmırlar. Tələbələr əks göstəriş sertifikatı almayıblarsa, bu zaman onlara müəyyən müddətdə möhlət hüququ verilir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetin mətbuat katibi Cavid Hüseynovun da sorğumuza cavabı həmkarları ilə eyni oldu.

O, bildirdi ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində yalnız vaksinasiyaya icazəsi olan tələbələrdən vaksin pasportu tələb olunur. Hamilə qadınlar, yaşı 18-dən aşağı və xüsusi allergiyası olan şəxslər bu istisnalara daxildirlər.

Daha bir ali təhsil ocağından - Azərbaycan Texniki Universitetidən(AzTU)  də mövzu ilə bağlı müsbət cavab gəldi.

Universitetin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova təhsil müəsisəsində yaşı 18-dən yuxarı olan hər kəsdən kovid pasportu, həssas qrupa daxil olanlardan isə əks-göstəriş sertifikatı tələb olunduğunu söylədi:

“Azərbaycan Texniki Universiteti tədrisin təşkilini Operativ Qərargah və Təhsil Nazirliyinin qərarlarına uyğun həyata keçirir. Operativ Qərargahın qərarına uyğun olaraq sentyabrın 1-dən universitetə daxil olan yaşı 18-dən yuxarı bütün tələbələrdən COVID-19 pasportu və ya əks-gəstəriş sertifikatı tələb olunur. Əks halda həmin tələbə universitetə buraxılmır. Bu qərar hamilə qadınlar və süd verən analara da şamil olunur. Çünki qərarda hamilə qadınlar və süd verən analara güzəşt olunması ilə bağlı heç bir bənd göstərilməyib. Nəzərə alsaq ki, ətrafımızda koronavirusa yoluxmuş hamilə qadın və süd verən analar var, deməli bu kateqoriyadan olan şəxslərin COVID-19 pasportu və ya əks-gəstəriş sertifikatı olmadan universitetə daxil olub burada insanları yoluxdurmayacağına heç kim zəmanət verə bilməz.  Qeyd edim ki, tədris ili başlayandan 2-3 belə hal olmuşdu. Həmin tələbələrə məsələnin ciddiliyi ilə bağlı məlumat verilib. Daha sonra həmin şəxslər Səhiyyə Nazirliyindən əks-gəstəriş sertifikatı alıb universitetə təqdim ediblər. Universitetdən imtina edən olmayıb”.

Tibb Universitetinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Günel Orucəliyeva universitetdə hamilə tələbələrin vaksin pasportu olmaması ilə bağlı heç bir problem yaşanmadığını söylədi. Universitet rəsmisi bu cür hallarda tələbələrin xeyrinə qərar veriləcəyini istisna etmədiyini də vurğuladı:

“Ümumiyyətlə, 18 yaşından yuxarı tələbələrin hər birindən birmənalı olaraq universitetin inzibati binasına daxil olarkən COVİD pasportu tələb olunur. Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına əsasən olur və 18 yaşından aşağı olan tələbələrdən bu pasport tələb olunmur. Hamilə tələbələrə gəldikdə isə, bu məsələ ilə bağlı heç bir müraciət olmayıb. Əgər belə hal olarsa, tələbənin xeyrinə qərar verməyə çalışarıq”.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Şəhanə Müşfiq ADMİU-da ana və hamilə tələbələrin sayının 4 nəfər olduğunu bildirdi.

Qurum rəsmisi belə tələbələrin təhsildə heç bir maneə ilə üzləşmədiklərini də qeyd etdi:

“Onlar rahat şəkildə dərslərə buraxılırlar, heç bir problemlə qarşılaşmırlar. Bundan başqa onu deyə bilərəm ki, universitetin məsələyə münasibəti müsbətdir. Dövlətin qoyduğu qaydalara görə də həmin şəxsləri qapalı məkanlara, dərslərə buraxmaq olar”.

Ali təhsil ocaqları ilə apardığımız sorğu yekunlaşdı. Nəticədən belə qənaətə gəldik ki, bu gün təhsil ocaqları hamilə tələbələrə müəyyən güzəştlər tətbiq etməyə və onların leyhinə qərar verməyə səy göstərirlər.

İndi isə keçid alaq problemin digər tərəfinə... Görəsən həqiqətənmi hamilə qadınlara vaksin zərərli deyil? Hamilələrə peyvəndin əks təsiri yoxdursa, onda niyə əks göstəriş sertifikatı verilir? Bu yerdə dünya təcrübəsi nə deyir?

İnfeksionist Vüqar Cavadzadənin sözlərinə görə, hamilə qadınlar əks-göstəriş sertifikatı alıb vaksinasiyadan azad olmalıdırlar:

“Mən bir mütəxəssis kimi hamilə qadınlara vaksin vurulmağının tərəfdarı deyiləm. Söhbət koronavirus infeksiyasından gedirsə, bu zaman tətbiq olunan vaksinlər hamilə qadınlar üzərində klinik təcrübələrdən keçməyib. Sözügedən sahədə elmi-tədqiqat işləri aparılmayıb. Dünya təcrübəsində hamilələrdən covid pasportu istənilmir. Burada şəxs qeydiyyatda olduğu poliklinikadan yaxud müəsisədən hamiləliklə bağlı sənəd təqdim edir”.