Ürək xəstəlikləri cavanlaşır - Problem

11:38 22.06.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər Azərbaycanda ürək xəstəliklərinin cavanlaşdığı müşahidə edilir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov "Bakı Ürək Günləri" 8-ci Beynəlxalq Konqresində deyib ki, bu TƏBİB-in tabeliyindəki xəstəxanalara müraciətlərdə də özünü göstərir: "0-17 yaş arasında olanlardan həkim-kardioloqlara 2020-ci ildə 49 min, 2021-ci ildə 69 min, 2022-ci ildə isə 76109 nəfər müraciət edib. 18 və daha yuxarı yaş qrupunda olanlardan isə 2021-ci ildə 467 911 nəfər, 2021-ci ildə 491 678 nəfər, 2022-ci ildə isə 579 704 nəfər həkimə müraciət edib. Hər il dünyada 18 milyon ölüm kardioloji xəstəliklər səbəbindən baş verir".

Bəs, görəsən, Azərbaycanda ürək xəstəlikləri niyə cavanlaşıb?

Mövzu ilə bağlı qəzetimizə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-kardioloq İlqar Tahiroğlu bildirib ki, bu gün nəinki Azərbaycanda, bütün dünya ölkələrində ürək xəstəlikləri cavanlaşıb: “Burada genetik faktorlar, xroniki xəstəliklər - xüüsusən də şəkər əsas rol oynayan amillərdəndir. Son illərdə insanların daha çox oturaq həyat yaşaması da ürək xəstəliklərinin yaranması və bundan ölümə səbəb olan amillər sırasındadır. Amma ürək, qan-damar sistemləri xəstəliklərində dəyişdirə bilib-bilməyəcəyimiz səbəblər var. Məsələn, bir ailədə genetik olaraq ürək, qan-damar xəstəliyi varsa, onların övladlarında da bu xəstəliyin olma ehtimalı yüksəkdir. Təbii ki, belə şəxslər müəyyən yaşdan sonra mütləq şəkildə nəzarətdə qalmalıdır".

Həkim bildirir ki, genetikasında risk olan şəxslərin müəyyən yaşdan sonra xolesterin səviyyəsi ölçülməlidir. Onun sözlərinə görə, şəkər, xolesterin yüksəkliyi, stress faktoru, zərərli vərdişlər, yüksək dozalı spirtli və enerji içkiləri, "Fast food", qidalanmanın pozulması ürək xəstəliklərinin yaranmasına səbəb olur. Bundan başqa, son zamanlar bütün dünyada olduğu kimi, Azərbaycanda da oturaq həyat tərzi artıb. İnsanlar piyada getməyə deyil, maşınla getməyə daha çox üstünlük verirlər. Oturaq həyat, hərəkətsizlik artıq çəki və ürək, qan-damar sistemi xəstəliklərinin yaranmasına, artmasına səbəb olur.

İ.Tahiroğlu deyir ki, bundan başqa, son zamanlar qəlyandan istifadənin genişlənməsi də bu xəstəliklərin artmasına səbəb olub: "Ürək xəstəlikləri olan şəxslər zərərli vərdişlərdən, enerji içkilərindən uzaq durmalıdır, daha çox hərəkətdə olmalıdır, artıq çəki almamalıdır. Təəssüflər olsun ki, biz bir toplum olaraq yeməyi, xüsusən də ləzzətli yeməyi sevirik. Problem yeməyin miqdarı və aldığımız enerji ilə xərclədiyimiz enerjinin eyni olmamasındadır. Bu səbəbdən axşam yeməyindən sonra mütləq gəzməli və idman etməliyik. Biz axşam yeməyindən sonra yatmağa üstünlük veririk. Belə olan halda bədəndə piy, yağ qatı yaranır. Bir müddət sonra isə bu problemlər özünü ürəkdə də göstərir".

Mütəxəssisin sözlərinə görə, ürək, qan-damar sistemi xəstəlikləri olanlar mütləq şəkildə gün ərzində 45 dəqiqə orta sürətlə yürüş, oturaq həyatı olan şəxslər yüngül gimnastik hərəkətlər icra etməlidir.

Ekspert bununla yanaşı vurğulayır ki, bəzən müəyyən ürək xəstəlikləri gizlin şəkildə gedir:"Xüsusən də şəkər xəstələri sinir uclarında yaranmış zədələmələrə görə ürək ağrılarını hiss etmirlər. Belə xəstələrdə şiddətli infarkt da gizlin şəkildə gedir. Soyuq tər, halsızlıq kimi simptomlara həssas yanaşmaq lazımdır".

Mütəxəssis bildirib ki, ürək-damar xəstəliklərindən əziyyət çəkənlər fəsildən asılı olmayaraq daim nəzarət altında olmalıdırlar: “Belə xəstəliklərdən əziyyət çəkənlərin yaz-yay aylarında Günəş şüaları altında qalmaları, ümumiyyətlə isti havada çox vaxt keçirmələri tövsiyə olunmur. Həmin xəstələr yaz aylarında istidə qalmamalı, çoxlu maye qəbul etməlidirlər. Həmçinin ürək-damar xəstəliyi olanların dərmanları vaxtlı-vaxtında qəbul etmələri vacib şərtlərdəndir. Soyuq aylarda isə damarlarda tutma yaranır və bu, infarkt riskini artırır. Ürək damarlarına stend qoyulmuş xəstələrdə vəziyyət daha təhlükəli ola bilər. Ona görə də xəstələrin mütəmadi olaraq həkim müayinəsindən keçməsi məsləhətdir”.