“Haaretz” qəzeti öz nəşrində İsrailin Həmas üzvləri və digər qrupların oktyabrın 7-də Qəzza zolağının ətrafındakı hərbi kazarmalara və yəhudi qəsəbələrinə həyata keçirdiyi hücumlarla bağlı bəyanatlarının əksəriyyətini təkzib edib.
Hafta.az-ın yazdığına görə, 7 oktyabr hücumunda İsraildə yaşayan mülki yəhudi və ərəblərə qarşı işlənən bir çox cinayətə diqqət çəkən “Haaretz” qəzeti, aralarında baş nazir Binyamin Netanyahunun ofisi və həyat yoldaşı ilə yanaşı bir çox nazirliyin də olduğu yüksək rütbəli hərbi və siyasi rəsmilərin ictimaiyyət fəallarının iştirakı ilə geniş şəkildə şişirdilmiş hekayələrin uydurulduğunu bildirib. Xəbərdə İsrail rəsmilərinin uydurduğu hekayələrin 7 oktyabr hücumunda həyatını itirən mülki şəxslərin gerçək hekayətlərinə də kölgə saldığına diqqət çəkilib.
Nir Hasson və Liza Rozovskinin hazırladığı məqalədə bu ifadələr yer alıb: “Siyasətçilər, İsrail ordusunun zabitləri, ZAKA fövqəladə hallara müdaxilə birliyinin könüllüləri və sosial media fəalları oktyabrın 7-dən Həmas üzvlərinin törətdiyi dəhşətli hekayələrdən danışırlar. Çox güman ki, söhbət geniş sübutlara əsaslanan real ifadələrdən gedir. Bununla belə, İsrail və beynəlxalq ictimaiyyət arasında yalan hekayələr və rəvayətlər də yayılır. Hadisələrin bu cür şişirdilməsi qırğını inkar edənlər üçün bəhanə olacaq”.
İkili həmçinin, “İsrailə girən Həmas və İslami Cihad üzvləri insanlığa qarşı cinayət törədiblər. Əksəriyyəti silahsız mülki şəxslər olan 20 uşaq da daxil olmaqla, təxminən 1200 nəfəri vəhşicəsinə qətlə yetirdilər. Onlar qocalar, uşaqlar və qadınlar da daxil olmaqla, təxminən 240 mülki vətəndaşı və əsgəri qaçırıblar. Bütün bunlar müzakirəyə açıq olmayan məsələlərdir. Lakin bir çox partiyalar həmin gün baş verənlərlə bağlı əsassız məlumatlar yayıblar”, - deyə müəlliflər vurğulayıb.
Məqalədə təkzib edilən ifadələr arasında başları kəsilmiş onlarla uşağın cəsədinin tapıldığına dair iddialar da yer alıb. Xəbərdə deyilir: “Bu açıqlama “i24 News”un hesabatında yer alıb. “i24 News” müxbiri ona deyib ki, hadisə yerində olan əsgərlərdən biri ona 40-dan çox uşağın öldürüldüyünü, bəzilərinin başlarının kəsilmiş vəziyyətdə olduğunu bildirib. Öyrəndik ki, vəhşiliklər və ölənlərin sayı ilə bağlı xəbərlər yalnız cəsədləri təxliyə edən əsgər və polis məmurlarının ifadələrinə əsaslanır. Müharibənin başlanmasından 4 gün sonra xarici müxbirlər İsrail Ordusunun sözçünün müşayiəti ilə tura toplaşıb və oxşar rəqəmlər ZAKA üzvləri tərəfindən təkrarlanıb”.
“Haaretz” belə davam edib: “Bu ifadələr sosial mediada yer alıb. Bu mənada hekayələr uşaq cəsədlərinin yandırılması və ya uşaq cəsədlərinin kəndirdən asılması kimi dəyişdirildi. Məsələn, Xarici İşlər Nazirliyinin rəsmi kanalı Daxili Cəbhə Komandanlığının polkovniki Qolan Baxın evlərdən birində səkkiz uşağın yanmış meyitinin tapıldığı barədə açıqlamalarını yayıb. Rəsmlərə bənzəyən şəkillər Baş nazirliyin hesabında nəşr olundu və hətta Baş nazir Netanyahu bu görüntüləri ABŞ dövlət katibinə göstərib”.
Oxşar bəyanatları İsrail ordusunun zabiti yayıb. Bir neçə gün əvvəl “Şabbat Meydanı”nın müxbiri Yişay Koen Qəzza bölməsinin polkovnik-leytenantı Yaron Buskila ilə görüşüb. Buskila uşaqların paltar iplərində asılmasından danışıb. Sağ cinah müdafiəçisi Coel Vaknan da X hesabında oxşar ifadələrə yer verib. Koen dedi ki, sonradan hekayənin yalan olduğunu anladı və soruşdu: “Bir zabit niyə belə dəhşətli hekayə uydurur?” deyərək iddiaları müdafiə etməyə çalışıb.
Oktyabrın 7-də baş verən qırğın zamanı Həmas hücumçularının israillilərin cəsədləri, xüsusilə də əsgərlərin cəsədləri ilə pis rəftar etdiyi, orqanların kəsilməsi hallarının olduğu da iddia edilib. Bununla belə, Milli Sığorta İnstitutunun 7 oktyabr qurbanları ilə bağlı məlumatları, eləcə də qırğın yerlərindən, qəsəbə rəhbərlərindən və polisdən toplanan məlumatlar bir uşağın ailəsi ilə birlikdə hücumlar zamanı açılan atəş nəticəsində öldüyünü təsdiqləyir: 10 aylıq Mila Koen, atası Ohad (43), Beeri qəsəbəsində ) və nənəsi Yona (73).
İsrail Milli Sığorta İnstitutunun məlumatına görə, həmin gün kiçik Mila da daxil olmaqla cəmi 25 uşaq ayrı-ayrı yerlərdə ailələrinin yanında dünyasını dəyişib: Nir-Ozda öldürülən Omer Siman Tov Kedem (4) və onun əkiz bacıları Arbel və Şahar (6), Əbu Camaadan atılan raket nəticəsində həlak olan Negev Arara Yazen Zakaria və Safir Kolleci yaxınlığında valideynləri və qardaşı ilə birlikdə öldürülən Eytan Kaptişer (5). Bundan əlavə, 12-15 yaşlarında olan 14 oğlan da öldürülüb. Onlardan 3-nün ölümü Qəzza sərhəddində qətliamın baş verdiyi bölgədə deyil, raket zərbəsi nəticəsində baş verib. İndiyə qədər müxtəlif ailələrdən olan uşaqların bir yerə toplanıb öldürülməsi səhnəsinə rast gəlməmişik. Odur ki, Netanyahunun ABŞ prezidenti Co Baydenlə görüşündə “Həmas terrorçuları onlarla uşağı aparıb, qandallayıb, yandırıb və öldürüb” açıqlamalarının həqiqəti əks etdirmədiyi anlaşılır.
“Haaretz”in xəbərində ZAKA üzvlərinin bəzi yalan ifadələr işlətdiyi, onlardan birinin daha bir dəhşətli mənzərədən danışdığı bildirilib. Həmin şəxs Beeri qəsəbəsində bağırsaqları açılmış qadın cəsədinin və içərisindəki dölün bıçaqlanmış vəziyyətdə tapıldığını iddia edib. Həmin şəxs “Haaretz”lə söhbətində bu ifadəni təkrarlayıb, hətta bu mənzərəni qəsəbədə gördüyünü və qadının kürəyindən güllələndiyini iddia edib.
Sözügedən feldşer qadını evin yaxınlığında tapdığını, orada otaqda güllələnmiş 6-7 yaşlı uşağın olduğunu deyib. “Haaretz” xəbərləri Beeridə öldürülənlər arasında 6-7 yaşlarında uşaq olmadığını və hamilə qadının hekayəsinin tamamilə uydurma olduğunu ortaya çıxarıb.
“Haaretz” xəbər verir ki, Netanyahunun həyat yoldaşı Sara ABŞ prezidentinin həyat yoldaşı Cil Baydenə məktub yazıb: “Qəzza zolağına qaçırılan qadınlardan biri 9 aylıq hamilə idi və Həmas əsirliyində uşaq dünyaya gətirdi”.
Sosial şəbəkələrdə sözügedən qadının Tailand vətəndaşı Natthavari Mulkan olduğu məlum olub. Mulkanın yaxınları isə onun hamilə olması ilə bağlı deyilənləri təkzib ediblər. Eyni şəkildə Mulkan şənbə günü evə buraxılanda hamilə olmadığını açıqlayıb. Orduda qaçırılan hamilə qadınla bağlı hələ heç bir məlumat yoxdur, təhlükəsizlik orqanları isə bu xəbəri əsassız şayiə kimi qiymətləndirib. Baş nazirlikdən heç bir cavab verilməyib.
Bir neçə həftə əvvəl Yardım Liqasının prezidenti Eli Beer bir uşağın sobada yandırıldığını bildirib və ABŞ-da keçirilən donor konfransında bunun təfərrüatlarını izah edib. Bu xəbər yayıldı və İngiltərənin “Daily Mail” qəzetində bu ayın əvvəlində birdən çox uşağın bu şəkildə öldürüldüyü iddia edildi. Amma bu hekayə də doğru deyil. Qırğında birbaşa öldürülən yeganə körpə 10 aylıq Mila Koen olub. Polisin əlində bu istiqamətdə uşaq meyiti olduğuna dair heç bir sübut yoxdur.
Son adlar siyahısına görə, 7 oktyabr hücumlarında 1-i körpə, 25-i uşaq olmaqla 1194 nəfər həlak olub.