Uşaqlarda artıq çəki problemi

18:17 09.03.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son illər dünyada artıq çəkidən əziyyət çəkənlərin sayı sürətlə artır. Statistikaya görə, bu gün dünyada artıq çəki və ya piylənmədən əziyyət çəkən insanların sayı 1 milyarddan çoxdur və hər il, təxminən, 3 milyon insan piylənmənin yaratdığı fəsadlar səbəbindən həyatını itirir. Belə ki, dünyada son 30 ildə yetkinlik yaşına çatmış insanlar arasında piylənmə qadınlarda 2 dəfədən çox, kişilərdə, təxminən, 3 dəfə, uşaq və yeniyetmələrdə isə 4 dəfə artıb. Ölkəmizdə 2012-ci ildə piylənmədən əziyyət çəkən uşaqların sayı 1176 olsa da, bu göstərici 2022-ci ildə 91 faiz artaraq 2252-yə çatıb.

Son statistikaya əsasən, ölkələr üzrə piylənmənin dərəcələrinə görə respublikamız dünyanın 200 ölkəsi arasında kişilər üzrə 100-cü, qadınlar üzrə isə 65-ci yerdədir. Ümumdünya Səhiyyə Təşkilatı 2030-cu ilədək dünya əhalisinin, təxminən, yarısının artıq çəki və piylənmədən əziyyət çəkəcəyini proqnozlaşdırır.

Ekspertlər bildirirlər ki, piylənmə ilə mübarizənin məqsədi yalnız xarici görünüşün yaxşılaşdırılması deyil, həm də ürək-damar, reproduktiv sistem və xərçəng xəstəliklərinin, eləcə də depressiya və qadınlarda sonsuzluğun qarşısının alınmasından ibarətdir. Piylənmə ilə mübarizədə, ilk növbədə, düzgün və rasional qidalanmaya riayət edilməli, yağlı, duzlu və şəkər əlavə olunmuş qidaların istehlakı mümkün qədər azaldılmalı, gündəlik kalori qəbuluna, eləcə də yaş və sağlamlıq vəziyyətindən asılı olaraq fiziki aktivliyə nəzarət edilməli, siqaret, spirtli içki və stresdən uzaq olmalı və ən nəhayət, yuxu rejimi qaydaya salınmalıdır. Xüsusilə, azyaşlıların böyümə və inkişafının ən sürətlə getdiyi məktəb yaşı dövründə qidalanmaya daha diqqətlə yanaşmaq lazımdır. Qidalanma ilə bağlı yol verilən kiçik yanlışlıqlar, nizamsızlıq uşaqlarda diqqət, qavrama problemlərinin yaranmasına səbəb olur. Bununla yanaşı piylənmə, dəmir çatışmazlığı, dişdə çürüklərin yaranması, bu dövrdə yanlış qidalanma alışqanlıqları ən çox rast gəlinən sağlamlıq problemləridir.

Məktəb yaşına çatan uşaqlar gündə ən azı 4 dəfə qida qəbul etməlidir. Uşaqların qida menülərində karbohidratlar, zülal, vitamin, minerallar, yağlar yetərincə yer almalıdır. Süd və süd məhsulları, ət, yumurta, paxlalılar 2-3 porsiya, mövsümə uyğun olaraq meyvə və tərəvəzlər ən azı 5 porsiya, çörək, taxıl məhsulları 6-9 porsiya olmalıdır.

Mövzu ilə bağlı həkim-pediatr Elşən Tağıyev bildirib ki, uşaqlar arasında piylənmənin artması epidemik şəkildə yayılır və bu, pediatr və uşaq endokrinoloqlarından problemə ciddi yanaşma tələb edir. Böyükyaşlı insanların 60 faizində çəki ilə bağlı problem də uşaq və yeniyetməlik yaşlarından başlayır: “Uşaqlarda piylənmənin inkişaf etməsi gələcəkdə ürək-damar, endokrin, metabolik, reproduktiv patologiyalara, həmçinin həzm traktı və dayaq-hərəkət aparatı xəstəliklərinə səbəb ola bilər”.

Uşaqlarda piylənmənin yaranma səbəblərinə gəlincə, mütəxəssis bunu həm genetik, həm də mühit faktorları ilə əlaqələndirib: “Bütün hallarda uşaqlarda piylənmənin əsasında energetik disbalans dayanır, yəni orqanizmin qəbul etdiyi enerji israf etdiyi enerjidən çox olur. Əgər hər iki valideyn piylənmədən əziyyət çəkərsə, bu pozuntunun uşaqda rastgəlmə tezliyi 80 faiz, problem yalnız anadadırsa, 50 faiz, təkcə atadadırsa, 38 faiz təşkil edir. Doğuş zamanı bədən kütləsi normadan artıq olan uşaqlar (4 kq-dan artıq) risk qrupuna aiddirlər. Südəmər körpələrdə piylənmə yüksəkkalorili qarışıqların həddindən artıq yedirdilməsindən əmələ gələ bilər. Anamnestik göstəricilərə görə, uşaqların çoxunda piylənmə qida rejiminin pozulması və fiziki aktivliyin azalması fonunda baş verir. Adətən, artıq bədən kütləsi və piylənməsi olan uşaqların rasionunda yüngül karbohidratlar (un məmulatları, şirniyyat və s.) və heyvan mənşəli piylər (fast-fud), şirin içkilər (şirələr, qazlı sular) üstünlük təşkil edir. Ən acınacaqlısı isə odur ki, bütün bunların fonunda uşaqlar azhərəkətli həyat tərzi sürür (aktiv oyunlar oynamır, idmanla məşğul olmur, bədən tərbiyəsi dərslərinə getmirlər), vaxtlarının çoxunu televizor və kompüter arxasında keçirirlər”.