ÜST: Koronavirusla bağlı fövqəladə vəziyyət rejiminin ləğvi bu xəstəliyin bitməsi anlamını vermir

12:55 08.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

COVID-19 xəstəliyini əmələ gətirən koronavirusun “SARS-CoV-2” yeni növünün tam aradan qaldırılması əgər ümumiyyətlə mümkündürsə, bu, az inanılandır. Lakin bu infeksiyanın ictimai səhiyyə üçün yaratdığı təhlükəni aradan qaldırmaq olar.

Hafta.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar üzrə proqramının direktoru Maykl Rayan bildirib.

“Məsələ ondadır ki, biz bu virusla bağlı ictimai təhlükəni aradan qaldıra bilərikmi? Bunun cavabı “hə”dir. Biz bu virusun özünü aradan qaldıra bilərikmi? Hesab edirəm ki, bu, az inanılandır”, - deyə Rayan Cenevrədə keçirilən brifinqdə qeyd edib.

“COVID-19 mövsümi xəstəliyə çevrilibmi?” sualına cavab verən ÜST-nin proqram direktoru izah edib ki, söhbət dalğa ilə gələn dövri və ya təsadüfi xəstəlikdən gedir. Bu dalğalar koronavirusun yeni variantlarının əmələ gəlməsi təsiri altında olduğu kimi eynilə mövsümün təsiri altında da əmələ gəlir. Rayan əlavə edib ki, COVID-19 qrip kimi qış dövründə, bir-biri ilə sıx təmasda olan böyük insan qruplarının mövcudluğu şəraitində daha asan yayılır. “Yəni bu virusun bəzi mövsümi keyfiyyətləri var, lakin o, mövsümi deyil. Mən bu virusun yüksək aktivliyini qış aylarında proqnozlaşdırardım”, - deyə Rayan izah edib.

Onun sözlərinə görə, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus tərəfindən COVID-19-la bağlı fövqəladə vəziyyət rejiminin başa çatmasının elan olunması bu xəstəliyin bitməsi anlamını vermir. “Biz keçid mərhələsindəyik və ayıqlığı qorumağımız vacibdir”, - deyə o, xəbərdarlıq edib.