ÜST-dən xəbərdarlıq: Dünyada xərçəng xəstəliyi sürətlə artır

11:04 02.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi (IARC) 4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günü münasibətilə xərçəngin qlobal vəziyyəti ilə bağlı hesabat dərc edib.

Hafta.az-ın yazdığına görə, hesabatda 2022-ci ildə təxminən 20 milyon yeni xərçəng hadisəsinin görüldüyü və 9,7 milyon insanın xərçəng səbəbiylə öldüyü bildirildi.

Hesabatda qeyd olunub ki, xərçəng diaqnozu qoyulan və sonrakı 5 ildə sağ qalanların təxmini sayı 2022-ci ildə 53,5 milyon nəfərdir: "Dünyada təxminən hər 5 nəfərdən 1-i həyatı boyu xərçəngə tutulacaq. 9 kişidən 1-i və 12 qadından 1-i xərçəng xəstəliyinə tutulacaq".

Hesabatda 2022-ci ildə dünyada ən çox ağciyər, süd vəzi və kolorektal xərçəngin olduğu qeyd edilib: "Ümumilikdə 2,5 milyon ağciyər xərçəngi hadisəsi olub və yeni halların 12,4 faizini təşkil edib. Beləliklə, ağciyər xərçəngi qlobal miqyasda ən çox rast gəlinən xərçəng növüdür. Qadınlarda 2,3 milyon döş, 1,9 milyon kolorektal, 1,5 milyon prostat və 970 min mədə xərçəngi var idi".

Hesabatda ən çox ölüm sayının 1,8 milyon ilə ağciyər xərçəngindən meydana gəldiyi və bunun xərçəngdən ölənlərin 18,7 faizini təşkil etdiyi qeyd edilib.

Ağciyər xərçənginin yenə də ən çox rast gəlinən xərçəng növü olmasının səbəbinin Asiyada tütündən istifadənin geniş yayılması ilə bağlı olduğu da vurğulanıb.

Hesabatda 2022-ci ildə kolorektal xərçəngdən ölənlərin sayının 900 min olduğu qeyd edilərkən, bunu 760 min ilə qaraciyər xərçəngi, 670 min ilə döş xərçəngi və 660 min ilə mədə xərçəngi izlədiyi bildirilib.

Bildirilib ki, xərçəngin ən çox yayılmış və ölümcül növü qadınlarda süd vəzi xərçəngi, kişilərdə isə ağciyər xərçəngidir.

Hesabatda bildirilir ki, 2050-ci ildə 35 milyondan çox yeni xərçəng hadisəsi olacağı proqnozlaşdırılır ki, bu da 2022-ci ildə təxmin edilən 20 milyon hadisə ilə müqayisədə 77 faiz artım deməkdir.

Qlobal xərçəng yükünün sürətlə artdığına diqqət çəkilən hesabatda xərçəng hadisələrinin artmasında tütün, alkoqol və piylənmənin əsas faktor olduğu bildirilib.

Həmçinin xatırladılıb ki, havanın çirklənməsi xərçəng xəstəliyi üçün əsas “ekoloji risk faktorlarından” biridir.

Hesabatda fikirlərinə yer verilən ÜST-nin Yoluxucu Olmayan Xəstəliklər Departamentinin direktoru Bente Mikkelsen təşkilatın yeni qlobal araşdırmasının dünyada xərçənglə bağlı böyük bərabərsizliklərə diqqət çəkdiyini, xüsusilə ölkələrdə aşağı gəlirli təbəqənin xərçəng üçün əsas müalicəyə çıxışının olmamasını təhlükəli adlandırıb.

ÜST-nin 75-dən çox ölkə ilə hər kəs üçün xərçəng baxımını təşviq edəcək siyasətləri inkişaf etdirmək, maliyyələşdirmək və həyata keçirmək üçün intensiv işlədiyini qeyd edən Mikkelsen, "Bu işi genişləndirmək üçün xərçəng nəticələrində qlobal bərabərsizlikləri aradan qaldıracaq böyük investisiyalara təcili ehtiyac var" deyib.