Üzləşdiyimiz mina problemi ilə beynəlxalq dəstək arasında uyğunsuzluq var - Hafiz Səfixanov

16:11 04.04.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlarla çox çirklənmiş ölkələr arasında ilk onluqda yer alır, Avropada isə 3-cü yerdəyik”.

Bunu hafta.az-a 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günündə "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib.

H.Səfixanov bildirib ki, işğal dövründə torpaqlarımıza 1,5 milyondan artıq mina basdırılıb:

“İkinci Qarabağ müharibəsi başa çatandan bu günə qədər 350 nəfər vətəndaşımız mina qurbanı olub, onlardan 65-i həlak olub, 285-i ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3429-a yaxın vətəndaşımız minalardan zərər çəkib, onlardan 595-i həyatını itirib. Mina qurbanlarının 357-si uşaq, 38-i isə qadınlar təşkil edir. Problem böyükdür, Azərbaycan minalara qarşı ciddi mübarizə aparır”.

H.Səfixanov qeyd edib ki, mina təhlükəsi azad olunmuş ərazilərdəki genişmiqyaslı bərpa və yenidənqurma işlərini, insanların öz doğma torpaqlarına qayıdışı prosesini ləngidir, insanların həyat və sağlamlığına ciddi təhdid yaradır.

“Çox istərdik ki, beynəlxalq dəstək artırılsın. Çünki bizim problemimizlə, beynəlxalq dəstək arasında uyğunsuzluq var. Azərbaycanda mina qurbanlarının sayı Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə daha çoxdur. Minalara qarşı mübarizənin 95 faizi Azərbaycanın öz maliyəsi hesabına aparılır. Azərbaycan bütün sahələri əhatə etmək üçün müxtəlif proqramlar həyata keçirir. Hökumət, qeyri hökumət təşkiltaları əlindən gələn hər şeyi edirlər ki, Azərbaycanda mina problem tezliklə həll olunsun”.