Azərbaycanda aqrar sahədə üzümçülük xüsusi yer tutur. Üzümü çox saxlamaq mümkün olmadığından, daha çox şərab üçün lazım olan sortlara üstünlük verilir. Bu səbəbdən də Azərbaycanın üzüm bağlarının böyük əksəriyyəti bu sortlardan təşkil edilib. Onu da qeyd edək ki, dövlət tərəfindən bağ sahiblərinə təsərrüfatlarını genişləndirmələri, düzgün aqrotexniki qulluq göstərmələri üçün subsidiyalar verilir. Azərbaycanda üzümçülük və şərabçılıq prioritet sahə hesab edildiyindən, bu sahənin inkişafı ilə bağlı bir neçə dəfə dövlət proqramları qəbul olunub.
Hazırda “2018-2025-ci illərdə Azərbaycanda şərabçılığın inkişafına dair Dövlət Proqramı” icra edilir. Burada qarşıya qoyulan hədəflərdən biri üzüm sahələrinin genişləndirilməsidir. Dövlət proqramına uyğun olaraq ölkədə yeni, müasir standartlara cavab verən üzüm bağları salınır. İl ərzində yeni salınan üzüm bağlarının sahəsi 7,1 faiz artıb. Ötən il 224,5 min ton məhsul yığılıb ki, bu, 2022-ci illə müqayisədə 5,6 faiz çoxdur. Nəticə etibarilə bağlarda məhsuldarlıq əvvəlki illərə nisbətən artıb. Amma məhsuldarlığın artması ilə paralel olaraq bir sıra hallarda satışla bağlı problemlər müşahidə edilir. Məsələn, Cəlilabadda bu sahə ilə məşğul olan sahibkarlar satış qiymətlərinin ucuzluğundan şikayətlənirlər. Sahibkarlar bazarda üzümün qiymətinin aşağı olmasından narazıdırlar və bildiriblər ki, bu qiymət onlara sərf etmir. Hətta bəzi sabibkarlar üzüm bağlarının təyinatını dəyişərək başqa kənd təssərrüfatı məhsulu ilə əvəz ediblər. Bu barədə “Report”un Muğan bürosuna danışan sahibkarların sözlərinə görə, son illər məhsulun qiymətinin ucuzlaşması fermerlərin bu sahəyə marağını azaldılıb. Fermerlər həmçinin bildiriblər ki, ötən il baş verən dolu hadisəsi də təxminən üzümün məhsuldarlığını 8-10 dəfə azaldıb. Məcbur olaraq bağları ləğv edib, digər bitki növlərini əkiblər.
Fermerlər, həmçinin məhsulun satışında da çətinlik olduğunu qeyd edir. Onlar daha bir səbəbi mineral gübrələrin qiymətinin artması ilə əlaqələndirir.
Bəs, görəsən, belə olan halda dövlət fermerlərə necə kömək edə bilər? Onları üzləşdiyi çətin vəziyyətdən çıxarması üçün hansı addımların atılması mümkündür?
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyir ki, bu sahədəki problemləri aradan qaldırmaq üçün emal sənayesini inkişaf etdirmək lazımdır: “Bizim əldə etdiyimiz üzümün az bir hissəsi MDB ölkələrinə, o cümlədən Rusiyaya ixrac olunur. Qalan məhsul isə daxili bazara yönləndirilir ki, bundan süfrə üzümü kimi və şərabçılıqda istifadə edilir. Ümumiyyətlə, Azərbaycanda meyvə və bu qəbildən olan bitkilərin istehsalında bu problem var. Bu kimi problemlərin təkrarlanmaması üçün ölkədə mütləq emal sənayesi inkişaf etdirilməlidir. Bu, üzümçülüyə də aiddir. Kənd təsərrüfatının emal sənayesini inkişaf etdirmədən bu problemləri həll etmək mümkün deyil. Fermer nə qədər məhsul istehsal edirsə, onu realizə etmək imkanları olmalıdır. Üzümün bir hissəsi də dərilən kimi satışa çıxarılmalı, qalanı isə emal olunmalıdır. Üzümdən həm şərabçılıqda, həm də onu qurutmaqla istifadə edə bilərik. Hazırda bu məhsulları, xüsusilə qurumuş üzümü idxal edirik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında bağlardan da məhsul götürürük. Qarşıdakı illərdə istehsalın artacağı gözlənilir. Bütün bunları nəzərə alaraq regional emal müəssisələrinin qurulması həm məhsulun qiymətinin tənzimlənməsinə, həm də ölkə iqtisadiyyatı üçün əlavə dəyər zəncirinin yaranmasına yardımçı ola bilər. Bu həm də yeni iş yerlərinin açılması deməkdir”.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirir ki, Azərbaycanda üzümçülüyün inkişafı üçün böyük potensial mövcuddur: “Demək olar ki, sovet dövründə ölkənin əksər rayonlarında xeyli üzüm bağları var idi. Bununla yanaşı, ölkədə çoxlu emal müəssisələri, şərab zavodları var idi. Bu məhsullar həmin müəssisələrdə emal edilir və SSRİ-nin müxtəlif ölkələrinə ixrac edilirdi. SSRİ dağılandan sonra əlaqələr kəsildi. Yerli hökumətin səriştəsizliyi isə mövcud infrastrukturun tamamilə sıradan çıxmasına gətirib çıxardı. Son 15 ildir ki, Azərbaycanda bu sahənin inkişafına cəhd göstərilir. Bu istiqamətdə müəyyən nəticələr var. Yeni üzüm bağları salınıb, infrastruktur yenilənib və s. Nəticə etibarilə spirtli içkilərin ixracına başlanılıb. Bu proses uğursuzluqla nəticələndi və Azərbaycanın dünyaya şərab satmaq strategiyası baş tutmadı. Bu istiqamətdə daha çox bazar araşdırmalarına ehtiyac var idi. Biz məhsul istehsal etməklə bərabər həm də onun yaxşı piarını qurmalı idik. Məsələn, Azərbaycanda istehsal olunan məhsullar Avropa bazarlarında rəqabət aparmaq gücündə deyil. Düzdür, ayrı-ayrı markaların az qismi Avropa bazarlarına ixrac olunur, amma Avropa bazarlarında Fransa, İspaniya və s. kimi böyük oyunçular var. Bu ölkələr son 100 illikdə şərabçılıq istiqamətində böyük təcrübə əldə ediblər”.
İqtisadçının sözlərinə görə, burada həm də azərbaycanlı sahibkarların bazar yanaşmasının dəyişməsinə ehtiyac var: “Azərbaycanın bu sahədə fəaliyyət göstərən sahibkarları çox bəsit düşünürlər. Onlar hesab edirlər ki, bizim təbii, orqanik spirtimiz var deyə bütün dünyaya spirtli içki sata bilərik. Axı, bu belə deyil. Birinci növbədə həmin sahibkarlar məhsulun piarını yaradıb, onu tanıtmalı, brendləşdirməli idilər. Təbii ki, məhsulların tanıdılması üçün müəyyən vaxta ehtiyac var. Bu məsələdə uğurlu marketinq fəaliyyəti ortaya qoyulmalıdır, bazarlarla bağlı geniş tədqiqatlar aparılmalıdır. Ona görə də yaxın bir neçə ildə burada böyük uğurlar əldə etməyin mümkün olduğuna inanmıram, amma Azərbaycanın xammal baxımından potensialı var, son dövrlər müasir texnologiyaların tətbiq olunduğu müəssisələr yaradılıb. Tam gücü ilə işləməsə də, onlardan yararlanmaq mümkündür. Təbii ki, uzunmüddətli dövr lazımdır, o müəssisələri işlədən sahibkarların psixologiyasında da dəyişikliyə ehtiyac var”.